Türkiyə Azərbaycandan qaz asılılığını azaldır – SƏBƏB

Türkiyənin Qara dənizdə aşkarlanan yataqlardan çıxarılan qazın əhaliyə güzəştlə verilməsi haqda informasiyalar yayılıb. Bəzi türkiyəli ekspertlər çıxarılan qaza rəğmən Türkiyənin Rusiya və Azərbaycandan təbii qaz almağa davam edəcəyini bildirib. Ancaq bu, 99 faiz deyil, 75 faiz həcmində olacaq. Yerli ekspertlər isə hesab edir ki, Türkiyənin Azərbaycandan qaz alışını azaltması, həmin qazın Avropaya daha baha qiymətə nəql edilməsi ilə nəticələnə bilər. Türkiyənin Azərbaycandan qaz alışını azaltmasını mənfi hadisə hesab edən ekspertlər də var.

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, qardaş Türkiyənin özünün təbii qaz ehtiyatlarının olması müsbət hadisədir:

Natiq Cəfərli

“Məsələ ondadır ki, rəsmi Ankaranın təbii qaza olan tələbatı 100 faizdir. İllik qaz ehtiyacı isə 50 milyard kubmetrdən çoxdur. Türkiyə bu qədər ehtiyacı öz daxili ehtiyatı hesabına ödəyə bilməz. Bu da onu xaricdən təbii qaz asılılığına malik olan bir ölkə edir.

O ki qaldı Türkiyənin Rusiya və Azərbaycandan aldığı qazın həcmini azaltmasına, hesab edirəm bu, real deyil. Çünki çıxarılan qaz nə qədər olsa da bu ölkələrdən aldığı qədər ola bilməz. Digər tərəfdən Türkiyənin Azərbaycandan qazı ucuz qiymətə alır”.

N.Cəfərlinin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında çox ciddi iqtisadi əlaqələr var:

“Bu gün iki ölkə bir çox layihələri icra edir. Bu layihələr arasında isə enerji layihələri özünəməxsusluğu ilə seçilir. Bu gün SOCAR Türkiyəyə ən çox investisiya yatıran şirkətdir.

Türkiyə bu gün daha çox Avropaya nəql edilən qazın ötürüldüyü əsas ölkə rolunu oynamaq istəyir. Burada söhbət təkcə Rusiya və ya Azərbaycan qazından getmir. Rəsmi Ankara İraq qazının da Avropa bazarına nəqlində əsas ötürücü ölkə roluna malikdir.

Hesab edirəm, Avropa bazarına nəql edilən təbii qazın Türkiyə üzərindən ötürülməsi və bu istiqamətdə ortaq layihələrin icra edilməsi Azərbaycan üçün əlavə dividentlər qazandıra bilər”.

Turan Rzayev
Globalinfo.az