“Hindistanın paytaxtı Yeni Dehlidə “Böyük iyirmilər”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı iki günlük sammitinin yekun bəyannaməsinin konsensus əsasında qəbulu toplantının uğuru sayıla bilər. Çünki Qərb ölkələri istənilən toplantıda Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya qarşı sərt sənədin qəbuluna çalışırlar”.
Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, “Böyük iyirmilər”də Rusiya təmsil olunduğundan bu ölkəni sərt tənqid edən sənədin qəbulu mümkün deyil:
“Ona görə də toplantıya ev sahibliyi edən Dehli tərəfdaşları ilə birgə yekun bəyannamədə elə bir formul tapmalı idi ki, onu həm Qərb ölkələri, həm də Rusiya qəbul etsin. Hindistan yekun bəyannamədə inkişaf və geosiyasət məsələləri üzrə konsensusun əldə edilməsinə nail olub”.
Elxan Şahinoğlu
Liderlər Ukrayna ilə bağlı yekun bəyannamədə belə bir cümlənin qəbuluna razılaşıblar:
“Böyük iyirmilər”in liderləri BMT Nizamnaməsinə riayət etməyə və nüvə silahının tətbiq edilməsindən çəkinməyə çağırış edib”. Yekun bəyannamədə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi barədə cümlə yoxdur. Bunun əvəzinə sənəddə vurğulanıb ki, müharibə insanlara əzab gətirib. Kimsə bu cümləyə etiraz etməyib.
“The Times of India” qəzetinin yazdığına görə, Ukrayna ilə bağlı ifadəni razılaşdırmaq üçün görüş iştirakçılarına 150 saat vaxt lazım olub. Ümumilikdə isə ekspertlər Hindistan sammitini təşkilat tarixində ən çətin sammitlərindən biri kimi qiymətləndiriblər, yekun bəyannamənin razılaşdırılması təxminən iyirmi gün çəkib”.
E.Şahinoğlunun sözlərinə görə, geosiyasi məsələlərdə razılıq əldə etmək üçün günlər lazım olsa da, iqtisadi və ekoloji mövzularda razılığa gəlmək çətin olmayıb:
“Bu mövzularda hamının qayğısı oxşardır. G20 ölkələri “qlobal ərzaq təhlükəsizliyini gücləndirmək” öhdəliyi barədə razılığa gəlib. “Böyük iyirmilər” açıq və ədalətli ticarəti təşviq etmək və ixrac qadağaları tətbiq etməməklə bağlı öhdəliklər götürüb. Bundan əlavə, G20 liderləri yekun sənəddə dünyada, xüsusən də aşağı və orta gəlirli ölkələr üçün etibarlı, yüksək keyfiyyətli vaksinlərə və dərmanlara bərabər çıxışın təmin edilməsinə çağırış ediblər, həmçinin müxtəlif ölkələrin səhiyyə sistemlərinin dayanıqlığının yüksəldilməsinin vacibliyini qeyd ediblər. Onlar həmçinin qadınların hüquqlarının müdafiəsi üzrə yeni işçi qrupunun yaradılması barədə də razılığa gəliblər.
Dehlidəki sammit çərçivəsində müxtəlif ikitərəfli və çoxtərəfli görüşlər də keçirilib. Misal üçün ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəliblər. Sənədə əsasən, əsas məqsəd iqtisadi inkişafı stimullaşdırmaqdır. Bundan başqa, bu ölkələr Çinin “Bir yol, bir kəmər” layihəsinə alternativ layihə həyata keçirmək istəyilər. Həmin istiqamətin başlanğıcı Hindistan olmalıdır”.
Turan Rzayev
Globalinfo.az