Sosial şəbəkələrdə mobil operatorların ötürücü antenlərinin insan sağlamlığına mümkün təsiri ilə bağlı müzakirələr aparılır. Belə ki, paylaşımlarda Bakıda antenlərin yaşayış binalarına yaxın və yüksək hündürlükdə yerləşdirilməsinin sağlamlıq üçün ziyanlı olduğu iddia olunur.
Həqiqətənmi bu antenlərin yaydığı şüalar insan sağlamlığı üçün təhlükəlidir?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, insan orqanizmi üçün təhlükəli olan şüalar ionlaşdırıcı şüalardır:
“Bunlara alfa, beta və qamma şüaları, həmçinin rentgen şüaları ilə nüvə silahının yaratdığı şüalanma daxildir. Bu şüalar orqanizm üçün ciddi təhlükə yarada, hətta orqanizmi dəlib keçə bilir. Mobil telefonlarda və stasionar antenalarda istifadə olunan şüalar isə radioşüalardır. Onlar ionlaşdırıcı şüalar kimi deyil. Hazırda bir sıra rabitə sistemlərində, o cümlədən antenalarda 3600 meqahers tezlikdən istifadə olunur. Radioşüaların insan orqanizminə müəyyən təsirləri ilə bağlı araşdırmalar aparılır. Xüsusilə sinir sisteminə və digər bioloji proseslərə mümkün təsirləri öyrənilir. Lakin onların xərçəng şişi və digər xəstəliklərə səbəb olmaq potensialı hələ sübuta yetirilməyib”.
Adil Qeybulla
Professor bildirib ki, mobil telefonlar artıq gündəlik həyatımızın bir hissəsinə çevrildiyindən geniş radioşüalanma və elektromaqnit dalğaları mühitində yaşayırıq:
“Bu sahədə araşdırmalar davam edir və gələcəkdə həmin tədqiqatların nəticələri ortaya çıxacaq. Bu baxımdan müəyyən ehtiyat tədbirlərinə əməl etmək mümkündür. Mobil telefonla danışarkən cihazı uzun müddət birbaşa başın yanında saxlamamaq, səsucaldandan və ya qulaqcıqdan istifadə etmək məqsədəuyğundur. Xüsusilə körpələrin, uşaqların mobil telefondan istifadəsini mümkün qədər məhdudlaşdırmaq tövsiyə olunur. Ümumilikdə, mobil telefonla uzun müddət danışmaq və cihazı saatlarla qulaqda saxlamaqdan çəkinmək daha yaxşı seçimdir. Bu sadə tədbirlərdən istifadə etməklə mümkün risklərə qarşı ehtiyatlı davranmaq olar”.
Ləman İmran
Globalinfo.az