İranın “Tasnim” xəbər agentliyi ölkənin xarici işlər naziri Abbas Əraqçinin ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşmək qərarını özbaşına verdiyini yazıb. Məlumata görə, bu qərar Ali Milli Təhlükəsizlik Şurası ilə razılaşdırılmayıb.
Nəşr qeyd edir ki, Əraqçi milli maraqlara zidd olduğu bildirilən bu addımla bağlı aidiyyəti qurumlara və İran xalqına cavab verməlidir. Həmçinin Əraqçi-Uitkoff görüşü ciddi səhv adlandırılıb.
Bu görüş Tehranı niyə belə tədirgin edib? Əraqçi Trampın köməkçisi ilə nəyi müzakirə etmiş ola bilər?
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Əraqçi–Uitkoff görüşünün Tehranda belə ciddi narahatlıq yaratmasının əsas səbəbi görüşün özündən daha çox, bu təmasın hansı siyasi mandatla və hansı çərçivədə aparılmasıdır:
“İran daxilində ABŞ-la birbaşa danışıqlara münasibətdə ciddi fikir ayrılığı var. “Tasnim”in görüşü “ciddi səhv” kimi təqdim etməsi də göstərir ki, məsələ artıq xarici siyasət müstəvisindən çıxaraq İranın daxili siyasi mübarizəsinin predmetinə çevrilib.
Burada mühüm məqam ondan ibarətdir ki, Tehran indiyədək ABŞ-la danışıqların mümkünlüyünü tamamilə rədd etməkdən daha çox, danışıqların şərtlərini və formatını özü müəyyənləşdirməyə çalışıb. Əraqçinin Uitkoffla birbaşa görüşməsi isə sərt xətt tərəfdarları tərəfindən bu yanaşmadan kənara çıxmaq kimi qəbul edilə bilər. Onların narahatlığı ondan ibarətdir ki, belə təmas ABŞ-a “İran danışıqlara hazırdır” mesajı verir və bu da Tehranın danışıqlar öncəsi yaratmağa çalışdığı təzyiq mexanizmini zəiflədə bilər.

Vüqar Zifəroğlu
Əraqçinin Uitkoffla nəyi müzakirə etdiyinə gəldikdə isə, görüşün bütün detalları açıqlanmayıb. Lakin mövcud məlumatlara əsasən, əsas mövzulardan biri Hörmüz boğazının açılması məsələsi olub. İran tərəfinin mövqeyində bunun qarşılığında ABŞ-ın hərbi təzyiqi və blokadanı azaltması, İranın dondurulmuş aktivləri və sanksiyalarla bağlı müəyyən addımlar atması kimi tələblər önə çıxır. Bundan başqa, hərbi əməliyyatların dayandırılması və gələcəkdə nüvə məsələsi üzrə mümkün diplomatik mexanizmlərin müzakirə edilməsi də ehtimal olunan mövzulardır.
Məncə, bu görüşün ən mühüm nəticəsi konkret razılaşmadan çox, İranın diplomatik kanalı tam bağlamaq istəmədiyini göstərməsidir. Tehran bir tərəfdən ABŞ-a qarşı sərt mövqeyini qoruyur, digər tərəfdən isə Vaşinqtonla birbaşa əlaqə kanalını sınaqdan keçirir. Məhz bu ikili yanaşma İran daxilində narazılıq yaradır. Çünki sərt xətt tərəfdarları bunu güzəşt təhlükəsi kimi görür, diplomatik xətt isə təmasın İranın tələblərini birbaşa ABŞ-a çatdırmaq üçün imkan yaratdığını düşünür.
Ona görə də Əraqçi–Uitkoff görüşünə hazırda İranın ABŞ-la razılaşmaya getməsi kimi yox, Tehran daxilində danışıqların mümkün olub-olmaması və hansı şərtlərlə aparılması uğrunda mübarizənin yeni mərhələsi kimi baxmaq daha doğru olar”.
Turan Rzayev
Globalinfo.az