manat1

“Hökumətin əsas və vacib prioritet xərc istiqaməti kimi dövlət büdcəsində ən böyük xərclərdən biri həmişə olduğu kimi hərbi-müdafiə və milli təhlükəsizliyinin daha da gücləndirilməsi xərcləri olacaqdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2027-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş iclasda deyib.

O bildirib ki, növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8,8 mlrd. manat təşkil edir (xərclərin 21%-i).

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılmışdır. 2027-ci ildə bu məqsədə 3,4 milyard manat vəsait nəzərdə tutulur”, – deyə Baş nazir vurğulayıb.

Paylaş: