
Fransa Azərbaycana qarşı aqressiv xarici siyasətini davam etdirir. Hər vəchlə Ermənistana dəstək verən Paris təktərəfli qərəzli və qeyri-obyektiv mövqe sərgiləyərək münasibətləri zədələyir.
Halbuki rəsmi Bakının Parisə qarşı mövqeyi hər zaman pozitiv olub. Baş verən bütün neqativ hallara baxmayaraq bu gün Bakıda Fransa məktəbi var. Azərbaycan Parisdə və digər şəhərlərdə humanitar aksiyalar keçirib.
Maraqlıdır, Fransa bizdən nə istəyir? Makronun bizimlə təzyiq dili ilə danışmasının sonu olacaqmı? Fransanın gücü hara qədər bizə çatır?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov deyib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ilə Fransa arasında münasibətlər tənəzzül dövrünü yaşayır:
İlyas Hüseynov
“Lakin hazırkı vəziyyət rəsmi Parisin davranışları ilə bağlıdır. Çünki Vətən müharibəsi dövründə Fransanın bütün iç üzü ortaya çıxdı. Bütün davranışları yanaşmaları ilə ermənipərəst mövqe sərgiləyən rəsmi Paris Azərbaycanı günahlandırmaqdan geri durmur.
Fransanın bu gün irəli sürdüyü tezislərin, rəsmi açıqlamlarının bir çoxu erməni təbliğatının məhsuludur. Müharibədə qəlib gəlmiş Azərbaycanla Fransa da daxil olmaqla heç bir dövlət bu ritorika ilə danışa bilməz.
Yeni geosiyasi reallıqlar kontekstində ATƏT Minsk Qrupu prosesdən kənarlaşdı. Bu həm də Fransanın Cənubi Qafqaza təsir imkanlarını minimuma endirdi.
Rəsmi Parisin prosesdən uzaqlaşması fonunda Rusiya və Türkiyənin təsiri artdı. Fransa indiki məqamda məhz bu təsiri qırmaq və Cənubi Qafqazda aktivləşmək istəyir.
Digər bir məsələ isə şübhəsiz erməni lobbisi və diasporun aktivləşməsidir. Belə ki, Azərbaycan ilə Fransa arasında soyuqluq erməni lobbisinin Makrona təzyiqləri fonunda diqqət çəkir. Fransanın keçmiş liderlərinə nəzər salsaq Jak Şirak, Nikola Sakozi, Fransua Olan erməni lobbisinin təsirinə düşsə də böyük ölçüdə neytrallığı qoruyurdular. Makron isə bu məsələdə daha radikal və birtərəflidir”.
Turan Rzayev
Globalinfo.az