Azərbaycan və Özbəkistan arasında çox mühüm sənədlər imzalandı. Mərkəzi Asiyanın bu dövləti ilə Azərbaycan arasında əlaqələr tarixən olub, lakin bir tarixi fakt var ki, çox az adam bilir.
Globalinfo.az xəbər verir ki, bunu tarixçi alim Zaur Əliyev deyib.
O bildirib ki, 1868-ci ildə Səmərqənd Çar Rusiyası tərəfindən işğal edildikdən və Zaqaspi dəmir yolu çəkildikdən sonra şəhər böyük ticarət mərkəzinə çevrildi:
“1880-ci illərdən etibarən Şuşadan, Şamaxıdan, Naxçıvandan və Bakıdan olan xalçaçı, ipəkçi, dəriçi və at alverçiləri Səmərqəndə axışmağa başladılar. Bura köçən və həyatlarını bu şəhər ilə bağlayan azərbaycanlılar Səmərqəndin köhnə şəhər hissəsində, məşhur Registan meydanı ilə Bibi-Xanım məscidi arasındakı ərazidə hissə-hissə yerləşməyə başladılar və zamanla burada bir böyük məhəllə yarandı. Yerli sakinlər buranı “Məhəllə-i Qarabağiyan” ( “Qarabağlılar məhəlləsi”) adlandırdı. Buraya köçən azərbaycanlılar gəldikləri şəhərlərin memarlıq və mədəniyyətlərinə dair adətləri burada yaşatmağa çalışırdılar. Bakıdan olan şəxslər xüsusilə hamam və yeməkxanalar yaradırdı. Qarabağdan gələnlər isə Şuşada olan evlər kimi öz evlərini düzəldirdilər”.
Z.Əliyev Səmərqəndin Azərbaycan mədəniyyəti ilə bağlılığına da diqqət çəkib:
“Ötən əsrin əvvələrində bu mərhələdə Üzeyir bəyin, Cəlil Məmmədquluzadə, Sabir və digər şəxslərin əsərləri ilə yanaşı “Molla Nəsrəddin” jurnalı da yayılırdı. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi operettalarını Səmərqənddə səhnələşdiririlmiş idi.
1918-ci ildə Bakıda və Qarabağda baş verən mart qırğınları və gərginliklər zamanı Qarabağdan olan bəzi ailələr öz qohumlarının yanına, Səmərqənddəki bu məhəlləyə pənah aparmışdılar. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra isə Cümhuriyyət tərəfdarı olan bəzi ailələr bura köçüb yaşayırdılar.
Sovet hakimiyyətinin möhkəmlənməsi ilə məhəllənin taleyi kəskin dəyişdi. Qarabağlı tacirlər və ailələrin əksəri “kulak” və “burjua elementi” elan edilərək həbs olundu və ya Sibirə sürgün edildi. Məhəllədə qalan ailələr isə repressiyadan qorunmaq üçün öz soyadlarını “Şuşinski” və ya “Qarabağlı” və digərlərini yerli özbək/tacik formalarına uyğunlaşdırdılar. Səmərqəndin toponimik xəritəsi yenidən işləndi və “Qarabağlı” kimi adları olan məhəllələrin adı dəyişdi, mikrorayona çevrildi ya da bolşeviklərin adı ilə əvəzləndi.
Bu gün də oradakı yaşlı insanlardan soruşanda Qarabağdan gələnlərin köhnə həyətlərini göstərə bilirlər.
Qeyd edim ki, 1966-cı ildə Daşkənddə baş verən dəhşətli zəlzələdən sonra şəhər darmadağın olanda, Azərbaycan memarları və inşaatçıları dərhal köməyə yollandılar. Daşkənddə sıfırdan tikilən yaşayış massivlərindən biri məhz azərbaycanlı ustaların dəsti-xətti ilə inşa edildi və uzun illər yerli əhali arasında “Azərbaycan məhəlləsi” adlandı”.
Əliyar Xəlil
Globalinfo.az