Tramp Xamenei 11

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək. İsrailli nazir Ben-Qvir isə “Trampın razılaşması bizim üçün məcburi deyil” deyib. Həmçinin İsrail mətbuatı da yazır ki, Təl-Əviv və Vaşinqton arasında İsrail ordusunun Livandan tamamilə çıxarılması məsələsində razılıq yoxdur.

Bu məqamda suallar yaranır: müharibə davam edəcəksə, ayın 19-da yekun saziş necə imzalana bilər? Bu sənəd nə kimi xarakter daşıyır?

Globalinfo.az-a danışan Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili deyib ki, sənədlə bağlı indidən qəti fikir söyləmək mümkün deyil:

“Çünki sənədin məzmunu hələ açıqlanmayıb. Məzmun gizli saxlanılırsa, bu, adətən sənəddə tərəflərdən biri üçün ciddi daxili siyasi problemlər yarada biləcək məqamların olduğunu göstərir. Buna görə də sənədin məzmunu müəyyən müddət gizli qala bilər. Lakin hesab etmirəm ki, ABŞ kimi bir ölkə belə bir sənədin məzmununu uzun müddət məxfi saxlaya bilsin. Böyük ehtimalla, müəyyən vaxt keçdikdən sonra sənəd açıqlanacaq və yalnız bundan sonra onun konkret müddəaları barədə dəqiq qiymətləndirmə aparmaq mümkün olacaq.

Məsələ ondadır ki, həm Vaşinqtondakı hazırkı administrasiya, həm də Tehrandakı rəhbərlik publikaya işləyən, ictimai rəyi ciddi nəzərə alan siyasi elitalardır. Onlar üçün bəzən real nəticədən daha vacib olan məsələ özlərini qalib kimi təqdim etməkdir. Məhz bu xüsusiyyət də mövcud prosesi klassik diplomatik prosedurlardan fərqləndirir. Belə vəziyyətdə isə sənəd imzalansa belə, onun daxildə qəbul olunmaması riski qalır”.

ehmed elili

Əhməd Əlili

Ə.Əlilinin fikrincə, sənəddə elə müddəalar var ki, onları nə ABŞ, nə də İran açıq şəkildə məğlubiyyət kimi təqdim etmək istəyir:

“ABŞ İranın iqtisadi və hərbi potensialını elə bir səviyyəyə endirməyə çalışıb ki, yaxın 10-20 il ərzində İranın Yaxın Şərqdə dominant gücə çevrilməsi çətinləşsin. İran isə əksinə, məğlub görüntüsü yaratmamağa çalışır. Xüsusilə də daxili auditoriyaya ABŞ qarşısında qalib obrazını təqdim etmək Tehran üçün həyati əhəmiyyət daşıyır. Bu, həm SEPAH-ın və İrandakı mövcud hakimiyyətin siyasi dayanıqlığı, həm də regiondakı nüfuzunu qoruması baxımından vacibdir. Çünki özünü ABŞ-a qalib gəlmiş dövlət kimi təqdim edən İran bunun yaratdığı siyasi kapitaldan istifadə edərək region ölkələri üzərində təsir imkanlarını artırmağa çalışacaq”.

Müsahibimiz bildirib ki, bu təsir təkcə Azərbaycana deyil, Ermənistana, Gürcüstana, İraqa və Körfəz ölkələrinə münasibətdə də özünü göstərə bilər:

“Ona görə də sənədin konkret məzmunundan asılı olmayaraq, həm İran, həm də ABŞ yekunda özlərini qalib elan edəcəklər. Bunun ardınca geniş informasiya və dezinformasiya kampaniyaları aparılacaq. Bu kampaniyaların əsas məqsədi isə həm daxili auditoriyanı, həm də region ölkələrini məhz onların qalib olduğuna inandırmaq olacaq.

Real nəticədən asılı olmayaraq, Tehran bütün informasiya resurslarından istifadə edərək özünü qalib kimi təqdim etməyə çalışacaq. İran bunu gələcək regional siyasəti üçün mühüm siyasi resurs hesab edir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: