Bayden iki lideri devirəcəyini demişdi – Qafqazda nəhənglərin savaşı

“Ukrayna ilə müharibənin Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətini sarsıdacağını və 2024-cü il seçkilərində yenidən prezident seçilə bilməyəcəyini gözləyən Qərb strateqləri yanıldılar. Seçkilərə az qalıb, hər hansı fövqəladə hadisə baş verməsə, Putin yenidən prezident seçiləcək”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, Qərb bu seçkilərin nəticəsini tanımayacağını öncədən elan edib:

“Ancaq nəticələrin tanınmaması belə, Putini sevməyənlərin seçkisonrası etirazlarının effektli olacağını şübhə altına salır. Çünki Rusiyada kritik situasiyalar üçün hazırlanan Navalnının həbsxanada ölümünə soyuq reaksiyalar bir daha təsdiqlədi ki, Putinə qarşı ölkənin içərisində təşkilatlanmış narazılıq yoxdur və hökumət də ictimai etirazların dərhal yatırılmasına hazırdır.

Ancaq Rusiya hakimiyyətinin qarşıdakı günlərdə Qərb xüsusi xidmət orqanları tərəfindən hansısa irimiqyaslı təxribatların təşkil ediləcəyini gözlədiyi də açıq şəkildə diqqət çəkir.

Putinin fevralın 12-ə Türkiyəyə planlaşdırılan səfərinin Rusiyadakı seçkilərdən sonraya ertələnməsi də məhz Qərbdən gözlənilən təxribat riskinin bu aralıqda artması ilə bağlıdır.

Hazırda Qərb-Rusiya qarşıdurmasının daha bir önəmli cəbhəsindən – Cənubi Qafqazdan və Ermənistanın Paşinyan hökuməti üzərindən də, eynilə Ukrayna ssenarisinə oxşar şəkildə, təhrikedici addımlarla Putinin təxribata çəkildiyini müşahidə edirik. Sanki Paşinyan hökuməti əlindən gələn hər şeyi edir ki, Rusiya Ermənistana da hücum çəksin”.

Elxan Şükürlü

Ekspert deyib ki, 5 aylıq sükutdan sonra Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsin müntəzəm şəkildə pozulması, Paşinyanın KTMT-ni nüfuzdan salan bəyanatlarını artırması, Fransa ilə əməkdaşlıq çərçivəsində NATO silah sistemlərinin Ermənistana verilməsində məqsəd NATO qüvvələrinin bu ölkələrə sürətlə yerləşməsini təmin etməkdir:

“Qərbdə çox yaxşı bilirlər ki, martın 17-də Rusiyada prezident seçkiləri, martın 31-də isə Türkiyədə bələdiyyə seçkiləri keçirildikdən sonra Putin Ərdoğanla birgə əsas diqqətini Cənubi Qafqaza yönəldəcək. Rusiya Ermənistanı və Gürcüstanı Avropa İttifaqı və NATO-ya aparmaq istəyən Paşinyan və Zurabişvili ilə haqq-hesabını birdəfəlik çürütməlidir ki, cənub sərhədlərini NATO təhlükəsindən qoruya bilsin.

Əgər Rusiya Ukraynanın ardınca Cənubi Qafqazda da uğur qazansa, bu, hakimiyyətdə olduğu 4 il müddətində Putin və Ərdoğanı yıxacağını vəd etmiş Baydenin nüfuzuna böyük zərbə vurmaqla, 2024-cü ildəki ABŞ seçkilərininin də taleyini həll etmiş olacaq və Trampın prezidentliyə yolunu açacaq”.

Turan Rzayev
Globalinfo.az