Daha bir ölkə içəridən dağıdılır – Sabiq baş nazir nişan verdi

Daha bir ölkə içəridən dağıdılır - Sabiq baş nazir nişan verdi

Banqladeşin keçmiş Baş naziri Şeyx Həsinə ölkədəki iğtişaşlara görə ABŞ-ı ittiham edib. O, avqustun 5-də tələbələrin hökumət əleyhinə başlatdığı kütləvi etirazları Vaşinqtonun planladığını deyib.

Globalinfo.az-a danışan politoloq Kənan Novruzov deyib ki, Banqladeş Çin, Hindistan və ABŞ-la əlaqələri qoruyub inkişaf etdirməyə cəhd edir:

“Cəmiyyət Şeyx Həsinəni istefaya məcbur etdi, ancaq yerinə kimin gələcəyi məlum deyil. Bu hərəkatın siyasi partiyalar arasında çıxan, aksiyalara başçılıq edən siyasi lideri və ya liderləri də görünmədi. Prosesi kim uddu – ABŞ, Çin, Hindistan, yoxsa başqası? Bunların hər üçünün Banqladeşdə gələcək siyasi hakimiyyəti təsir dairəsində saxlamaq istəyi yox deyil. Bu mənada proseslərin arxasında ABŞ-ın dayanması mümkündür. Hər halda rəsmi açıqlamalar da bundan ibarətdir. Əsas məsələ isə ərazi məsələsidir.

Daha bir ölkə içəridən dağıdılır - Sabiq baş nazir nişan verdi

Kənan Novruzov

Hələ ki Banqladeşdə vəziyyət qeyri-müəyyəndir. Hadisələrin inkişafı ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Hərbçilərin daha 30 il hakimiyyətdə qala bilməsi mümkün görünür. Şeyx Həsinənin diktaturasından xilas olmaq istəyən Banqladeş xalqı belə getsə, hərbçilərin quracağı rejimdə yaşayacaq. Belə olan halda proseslərin ən ağır nəticəsini xalq görəcək”.

Qeyd edək ki, Şeyx Həsinə avqustun 5-də iğtişaşlar fonunda Dəkkədəki rəsmi iqamətgahını tərk edib. Daha sonra o, istefa verdiyini elan edərək Hindistanın Aqartala şəhərinə gedib. “Hindu” nəşri keçmiş Baş nazirin Böyük Britaniyadan sığınacaq istədiyini yazıb. 2006-cı ildə Nobel Sülh Mükafatı laureatı olmuş doktor Məhəmməd Yunus rəsmi olaraq Banqladeşin müvəqqəti hökumətinin başçısı təyin edilib. Avqustun 8-də onun və müvəqqəti hökumətin andiçmə mərasimi keçirilib.

Turan Rzayev
Globalinfo.az