“Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir”.
Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir:
“2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb.
Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk”.