Əliyevin Rusiya səfərinin detalları: Putinin vurğuladığı həssas məqam

“Azərbaycan öz Zəfəri ilə regionun siyasi xəritəsini yenidən dəyişir və təhlükəli üstünlük mesajı vermir, tam əksinə, sabitləşdirici, bərabərhüquqlu aktor kimi çıxış edir. Ölkəmiz həm də proqnozlaşdırıla bilən aktordur. Bu baxımdandır ki, rus mediası cənab İlham Əliyevin səfərini “Bakı-Moskva: etimad magistralı” başlığı ilə manşetlərə çıxardı”.

Bu sözləri Globalinfo.az-a politoloq Şəbnəm Həsənova Prezident İlham Əliyevin Rusiyaya səfərini şərh edərkən deyib:

Onun sözlərinə görə, bu amil həm də nəhəng, dövrünün ən böyük infrastruktur layihələrindən, dünyanın ən uzun dəmir yolu xətlərindən biri olduğu üçün “Əsrin layihəsi” adlandırılan, dərin biliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, cəsarətli qərar və addımlara malik Ulu Öndər Heydər Əliyevin bütün təzyiqlərə rəğmən həyata keçirdiyi Baykal-Amur Magistralı (BAM) üzərindən izah edildi:

“Mövcud siyasi reallıqla bir daha sübut olundu ki, sadəcə ümumi tarix deyil, ölkələri bir araya gətirən məhz dövlətin siyasi kursu, onun rəhbərininin şəxsi keyfiyyətləridir ki, bu da gələcək münasibətlər və böyük layihələr üçün zəmin yaradır. Bir tərəfdə və cinahda 24 aprel və qarşı tərəfdə cinahda 1 may tarixlərindən öncə 22 aprel 2024-cü il tarixində dövlət başçımızın Rusiyaya səfəri regional və qlobal kontekstdə nəzərə alınmaqla iki ölkə arasında tamamilə yeni bir ağ vərəqin açılmasından xəbər verir, sülhməramlıların çıxarılmasının hazırkı reallığa uyğun olduğu kimi.

Proqnozlaşdırıla bilmək həm də o baxımdan vacibdir ki, Azərbaycan Liderinin addımları niyyət və fəaliyyət baxımdan paralellik təşkil edir, nəticəsi isə xalqımızın müstəqil seçiminə gətirib çıxardır. Çünki həm də bu konsepsiya siyasi baxımdan nə qədər fundamentaldırsa, şəxsi keyfiyyətlər və genetik baxımdan irsidir. Rusiya-Azərbaycan münasibətlərinin bəzisində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonrakı mərhələ dayanırsa, bu münasibətlərin eyni, düzgün xətt üzrə qurulması cənab İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Azərbaycan-Rusiya münasibətləri də dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Siyasi iradə isə Prezident İlham Əliyev üçün həm də və daha önəmlisi selektiv məsələ deyil, hər bir tərəflə münasibətlərdə əsas və milli maraqlar qədər prioritetdir”.

Politoloq deyib ki, BAM bütövlükdə 21-ci əsr üçün qlobal logistikanı müəyyən edir:

“Rusiya-Azərbaycan əməkdaşlığının daha bir sahəsi BAM-ın miqyasına, eləcə də tarixi əhəmiyyətinə uyğundur ki, bu da Şimal-Cənub nəqliyyat dəhlizidir. Dəhlizin inkişafında hər iki tərəf maraqlıdır. Buna görə də dövlət başçımız “Bakı və Moskva Şimal-Cənub dəhlizi çərçivəsində layihəyə başlayacaq” fikrini bir daha vurğuladı.

Ümummilli lider Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq, hər gün qəhrəmanlıq göstərərək, Sovet dövlətinin, bu gün isə Rusiyanın və digər ölkələrin gələcək inkişafını qabaqcadan müəyyən edən möcüzə göstərməsi sübut edir ki, bu fenomenal şəxsiyyətin qərarları sadəcə Azərbaycan xalqının taleyinə toxunmayıb, böyük bir regionun, müxtəlif xalqların taleyində dərindən iz buraxıb”.

Şəbnəm Həsənova

Ş.Həsənova deyib ki, dövlət başçımız Rusiyanı Qafqazda beynəlxalq regional təhlükəsizlikdə “fundamental ölkə” adlandırdı və bildirdi ki, “ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox şey asılıdır”:

“Deməli, regional qərarlar regional aktorlardan kənara çıxarılmır və buna təsir mexanizmləri ən azından birgə neytrallaşdırılır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Moskvada olarkən Türkiyə lideri İraqda səfərdə idi.

Bu səfərlər fonunda İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani “Cənubi Qafqaza xarici dövlətlərin hərbi hissələrinin yerləşdirilməsi regionda yaşayan xalqların maraqlarına cavab vermir, sülhün və təhlükəsizliyin təmin olunmasına da xidmət etmir, Cənubi Qafqaza kənar qüvvələrin hərbi hissələrinin gətirilməsi sülh prosesinə böyük zərbə vuracaq ki, İran da bunu qəbul edə bilməz, regionun heç bir dövləti vəziyyətin gərginləşməsini istəməz” fikirlərini səsləndirdi. İran tərəfindən “heç bir dövlət” deyərkən Ermənistan da nəzərdə tutulmamış deyil.

Mərkəzdənqaçma, regiondan boyunqaçırma meyilləri üzrə İranın Ermənistanı, Azərbaycan və Türkiyənin İraqla qurulan münasibətləri də daxil olmaqla Rusiyanın Tehranı balanslaşdırması baxımından önəmlidir. Odur ki, Ermənistanın təpəsinə vurulub “otur oturduğun yerdə” deyilməsi üçün İran da var. Rusiya mediası tərəfindən dövlət başçımızın səfərinin əhəmiyyətlə işıqlandırılması ilə isə həm də orada kök salan erməni və anti-Azərbaycan siyasəti aparanlara öz mətbəxlərində acı tam dadızdırıldı.

Azərbaycanın stabil siyasəti nəinki nəzərə alınmamalı, həm də təqdir edilməməli amil deyil. Bu baxımdandır ki, Rusiya lideri Ulu Öndərimizə çox minnətdar olduğunu və xatirəsini əziz tutacağını bildirdi. Müqabilində isə dövlət başçımız Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndirdi. Deməli, tarixin çətin günlərində xalqını bəlalardan xilas edilən Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi zamandan və məkandan asılı olmadan haqlı və layiqli olaraq qlobal siyasətdə öz sözünü deyib. Onun siyasi kursunun qətiyyətli davamçısı cənab İlham Əliyevin yürütdüyü mahir diplomatiya isə bir çox dünya liderinin dərs götürməsi üçün fundamental siyasi dəst-xətdir”.

Turan Rzayev
Globalinfo.az