Polish 20230810 221808626

“Əbəs yerə plastik kartdan xarici ölkədə pul çıxaran zaman ayda 10 min dollarlıq limitin qoyulması belə rezonans yaradıb. Bu qərar ölkədən küllü miqdarda çirkli pul çıxarmağa çalışanları qayğılandıracaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, yeni qərar böyük əhali kütləsinə təsir etməyəcək:

“Ona görə ki, bu qayda əslində 30 min, 40 min və ya 100 min dollar çıxarmaq istəyənlərə mane ola bilməz. Çünki bu məbləği, 5-10 nəfər və ya 5-10 kart vasitəsilə xaricə daşımaq və pulu kartdan çıxarmaq mümkündür. Amma 10 milyon və ya 100 milyon dolları ölkədən kartla çıxarmaq üçün 10 000 nəfər adam və ya 10 000 ədəd kart tapmaq mümkün deyil. Odur ki, bu yeni qərar böyük əhali kütləsini təsirləndirməyəcək”.

IMG 20230810 WA0029

Eldəniz Əmirov

Ekspert dəyişikliyin əsas vacib tərəfinin başqa olduğunu deyib:

“Lakin digər dəyişiklik daha önəmlidir. Belə ki, fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilərək aylıq limitlə əvəzlənib. Yəni ayda 20 min dollaradək ödəniş həyata keçirmək mümkün olacaq. Bu isə əvvəlki məhdudiyyətlərlə yaranmış problemlərin həllinə vəsilə olacaq. Çünki, insanlar müxtəlif məqsədlər üçün bir dəfəyə ödəməli və həll etməli olduğu işini edə bilmir, günlərlə əziyyət çəkirdi. Odur ki, bu dəyişikliyi daha effektiv hesab etmək olar.
O ki qaldı, mənzil, maşın və digər əmlak almaq istəyənlərə, bu məsələdə problem yoxdur. Həmin proseslər başqa qaydalarla tənzimlənir”.

Qeyd edək ki, fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilib.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: