Əflatun Amaşov: “Mətbuat Şurasına 1615 şikayət daxil olub”

“Azərbaycan Jurnalistlərinin VII qurultaydan bu yana ümumilikdə Mətbuat Şurasına 1615 şikayət daxil olub”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Jurnalistlərin VIII Qurultayında keçmiş sədr Əflatun Amaşov deyib.

Şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 132 qərar çıxarıb.

O deyib ki, ilkin mərhələdə baxılan 1615 məsələdən 963-si Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub:

“Digər 652 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən, toplanmış materiallar baxılmaq üçün Şuranın Şikayətlər üzrə Komissiyasına təqdim edilib.

Şikayətlər üzrə Komissiyada baxılan 652 məsələdən 520-si komissiya səviyyəsində həllini tapıb. Digər 132 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib.
Qeyd edim ki, COVID-19 pandemiyası ilə əlaqədar həyatın durğunlaşması Mətbuat Şurasına daxil olan şikayətlərin sayına da təsir göstərib. Belə ki, ötən qurultaylararası dövrlə müqayisədə VII qurultaydan VIII qurultaya qədərki dövrdə şikayətlərin sayı iki dəfədən çox azalıb”.

Əflatun Amaşov qeyd edib ki, Mətbuat Şurası yaranandan bəri quruma ümumilikdə 15 minə yaxın şikayət daxil olub:

“Bu müddətdə Şurada baxılan şikayətlərin 70 faizi məhkəmə predmeti mahiyyəti daşıyıb. Kütləvi informasiya vasitələrinin məhkəməyə verilməsi hallarının ildən-ilə azalması da fikrimin təsdiqi sayıla bilər”.