Zərdabda baş verən yol qəzasında xəsarət alan azyaşlı ölüb.
Globalinfo.az bildirir ki, azyaşlı T.Məmmədovun xəstəxanada öldüyü bildirilir.
Məlumata görə, azyaşlının babası İntiqam Məmmədov hadisə yerində ölüb.
Qəza nəticəsində Bıçaqçı kənd sakini Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam xəsarət alıb.
Qəzaya düşənlər hamısı bir ailənin üzvləridir.
Qəzada xəsarət alan Məftun Məmmədovun xanəndə, “Muğam” Televiziya Müsabiqəsinin iştirakçısı olduğu bildirilir. Məlumata görə, qəzada ölənlər onun atası və oğludur.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 10:20 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər (2 qadın, 5 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
“2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi kişi) vəziyyətləri stabil qiymətləndirilir. Onun və vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü (kişi) azyaşlıya göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 13:50 adələrində bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib”, deyə məlumatda vurğulanıb
Qeyd edilib ki, hadisə zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
***14:44
Zərdabda iki nəfərin ölümü ilə nəticələnən qəzada xəsarət alanların diaqnozları məlum olub.
Globalinfo.az bildirir ki, “Report”un Yuxarı Şirvan bürosuna rayonun mərkəzi xəstəxanasından verilən məlumata görə, hazırda beş nəfər müalicə alır.
Bildirilib ki, Məmmədov İntiqam Qnyaz oğlu (1966) hadisə yerində ölüb, Məmmədli Tunar Məftun oğlu (2023) ağır kəllə beyin travması alıb və beyindaxili qanaxmadan ölüb.
Xəsarət alanlardan Məmmədova Sona Tehmir qızında (1995) sol körpücük sümüyünün sınığı, sol tərəfli qabırğaların çoxsaylı sınığı, Məmmədova Raya Sərkər qızında (1969) sol tərəfli 1-ci əl sümüyünün sınığı, Məmmədov Məftun İntiqam oğlunda (1991) döş qəfəsinin travması, qabirğaların sınığı, Məmmədov Uğur Məftun oğlunda (2017) səthi zədələnmə dəri sıyrığı, Məmmədli İntiqam Məftun oğlunda (2016) səthi zədələnmə, dəri sıyrığı qeydə alınıb.
***13:22
Zərdab rayonunda baş verən avtomobil qəzasında xəsarət alan azyaşlı Tunar Məmmədov ölüb.
Bununla da qəza nəticəsində ölənlərin sayı ikiyə çatıb.
Zərdab rayonunda baş verən avtomobil qəzasında bir nəfər ölüb, altı nəfər xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, xəsarət alanlar rayonun Bıçaqçı kənd sakinləri olan bir ailənin üzvləri olan Məftun Məmmədov, Sona Məmmədova, Rəna Məmmədova, Tunar Məmmədov, İntiqam Məmmədov (azyaşlı) və Uğur Məmmədovdur (azyaşlı).
Azyaşlılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edilib ki, qəza törədən avtomobilin sürücüsü M.Məmmədov “Muğam müsabiqəsi”nin iştirakçısı olub və yarışmada 3-cü yeri tutub.
***12:21
Bu gün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kəndəbil kəndindən keçən yolda “Toyota Prius” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb və ağaca çırpılıb.
Nəticədə avtomobildə olan şəxslərdən biri hadisə yerində ölüb, digər şəxs isə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Ölən və yaralananın şəxsiyyəti müəyyənləşdirilir.

