Zəlzələ ilə bağlı ən vacib məsələ unudulub – 10 saniyəlik təkan görün ortaya nələri çıxardı…

İyulun 3-də Azərbaycan ərazisində baş verən və paytaxt Bakıda 5.7 bal gücündə hiss edilən zəlzələdən sonra intensiv müzakirələr başlayıb. Bu müzakirələrə hər kəs qoşulur – mövzunu bilən, bilməyən, peşəkar olan, olmayan.

Sosial şəbəkələrdə, mediada statuslar yazılır, məqalələr dərc edilir. Bir neçə tanınmış şəxs də bu müzakirələrdə aktiv iştirak edir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli iyulun 4-də jurnalistlər qarşısına çıxıb. O, mətbuat konfransında bir çox sualları cavablayıb.
Buna rəğmən bir çox suallar açıq qalır. Cəmiyyəti düşündürən, narahat edən elə məsələlər var, bunun həlli üçün kompleks tədbirlər həyata keçirmək lazımdır. Bunu isə dövlətin aidiyyatı qurumları həll etməlidir. Həm qısa müddətdə.

Azərbaycanın müasir seysmoloji xəritəsi yoxdur. Xəritə ən son 1957-ci ildə olub. AMEA Seysmoloji Xidməti tərəfindən yeni xəritə üçün təklif verilib, hələ işlər aparılır. Türkiyədən və digər xarici ölkələrdən olan ekspertlər Cənubi Qafqaz bölgəsindən də fay xəttinin keçdiyini, buranın tektonik təkanlar baxımından elə təhlükəsiz olmadığını bildirirlər.

Sonradan deyildi ki, 1991-ci ildə hazırlanmış nisbətən yeni xəritə var. Birincisi, yeni xərtədən niyə Seysmoloji Xidmətin rəhbərinin xəbəri yoxdur? İkincisi, 32 il öncə hazırlanan seysmoloji xəritə müasir tələblərə nə qədər cavab verir? Üçüncüsü, yeni xəritə hazırlamaq mümkün deyilmi? Dördüncüsü, seysmoloji xəritələr neçə ildən, yaxud, neçə 10 ildən bir yenilənməlidir? Beşinci, altıncı, yeddinci… Hələlik 4 sualda dayanaq. Bu suallardan birinə cavab ala bilsək, böyük hünərdir…

Bəs ölkədə nə kimi ciddi tədbir görülüb bu neçə illər ərzində? Ümumiyyət ölkənin seysmoloji vəziyyətinə nə dərəcədə hakimik? Baş verəcək təhlükələrə hazırıqmı?

Bu suallara dəqiq cavab vermək çətindir. Xüsusilə dünən gecə gördük ki, insanlar yerli seysmoloji xidmət mərkəzə və bu sahədəki mütəxəssislərə demək olar ki, inanmırlar. Saxta informasiyalara daha çox etibar edirlər, nəinki yerli geoloq və seymoloqlara. Android telefonlarda google vasitəsi ilə zəlzələ haqda xəbərdarlıq göndərildi. Tez-tez təkanların baş verdiyi Xəzər dənizinin sahilində yerləşən bir ölkədə bu istiqamətdə hər hansı bir iş görmək olmazmı? Xüsusilə 2000-ci il zəlzələsindən sonra düzgün planlanma, hazırlıq və tərtibat yoxdur. Hər nə qədər təhlükəli vəziyyətin olmadığına dair açıqlamalar verilsə də, ölkədə on milyonlarla insan narahatdır və stress içindədir.

Xüsusilə bu ilin 6 fevralında Türkiyənin bir neçə bölgəsində baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycan əhalisi səksəkə və vahimə içindədir. 3 iyul zəlzələsi isə bu vahiməni artırıb.
FHN, Seysmoloji Xidmət, digər aidiyyatı dövlət orqanları tez bir zamanda bu sahədə çatışmazlıqları aradan qaldırmalıdır. Düzdür, zəlzələnin baş vermədən öncə heç bir əlaməti hiss edilmir. Qəfil yaxalayır, bir neçə saniyənin içində hər şeyi darmadağın edir, bir də 50 il, 100 il, hətta 300 il sonra geri dönür. Zəlzələni əvvəldən müəyyən etmək mümkün olmasa da, bunun üçün heç bir cihaz icad edilməsə də, zəlzələyə həssas bölgənin müasir tərtibatda xəritəsini hazırlamaq mümkündür.

Yazının əvvəlində qeyd etmişik – Azərbaycanın müasir seysmoloji xəritəsi yoxdur. İşə birinci bundan başlamaq lazımdır…

Tahir Turan
Globalinfo.az