Zelenskinin səfəri fəlakət vəd edir – Ermənistanda gərginlik

Dünəndən etibarən Ermənistan mediasında Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri barədə müzakirələr aparılır. Maraqlıdır ki, Zelenski müharibə başlayandan bəri heç bir postsovet ölkəsinə səfər etməyib. O, nə Qazaxıstanda, nə Orta Asiyada, nə Gürcüstanda, nə də Qərbyönümlü Moldovada olub. Ona görə də, erməni ekspertlər hesab edir ki, bu səfər avtomatik olaraq Ermənistanı postsovet məkanında ən qatı anti-Rusiya ölkəsinə çevirəcək və nəhayət, İrəvanı Qərb meydanına salacaq. Ermənistan isə bundan Rusiyanın açıq düşmənçiliyini qazanacaq.

Globalinfo.az xəbər verir ki, bu fikirlər erməni mediasında dərc olunan məqalədə yer alıb.

Məqalədə bildirilir ki, Qərbin ikinci Zelenski hazırlamağa çalışdığı Nikol Paşinyan Ukrayna prezidentini qəbul etməyə hazırdır:

“Onların oxşarlığı, şübhəsiz ki, artıq diqqəti çəkir. Çünki Paşinyan həm Qərbin gündəminə xidmət etməklə, həm də onun gözəl vədlərinə inanmaqla Rusiya ilə münasibətləri korladı. Kiyev müharibədə on minlərlə qurban verib. BMT məlumatlarına görə, Avropa 10 milyon ukraynalı qaçqını qəbul edib. Ermənistanın Qərbə doğru sürüklənməsi isə “Artsax”ın itirilməsi və digər qurbanların verilməsi ilə başa çatdı. Üstəlik, həm Kiyev, həm də İrəvan üçün təhlükə hələ də davam edir. Qərb Paşinyanın əli ilə və erməni xalqının həyati maraqları bahasına Rusiyaya qarşı ikinci cəbhə açmaq və onu Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Belə bir ssenarinin Ermənistan üçün hansı risklərə səbəb olduğunu təxmin etmək çətin deyil. İrəvan Qərbdən heç bir təhlükəsizlik zəmanəti almadan öz rəqibləri ilə tək qalacaq. Bizə iki uğursuz liderin nədən danışacağını, nəyi razılaşdıracağını təxmin etmək qalır. Səriştəsiz xarici siyasət nəticəsində iki xalq uçurumun kənarındadır. Ukrayna və Ermənistan dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşib”, – məqalədə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az