“Ukrayna Prezidenti Volodimir Zelenskinin atəşkəs bəyanatı müharibədə siyasi və psixoloji mübarizənin yeni mərhələsini göstərir”.
Bu sözləri Globalinfo.az-a politoloq Aydın Tağıyev deyib.
O bildirib ki, qarşı tərəf Moskvanın Qələbə günü üçün elan etdiyi qısamüddətli sükutu “simvolik manipulyasiya” kimi qiymətləndirir və real sülh təşəbbüsü saymır:
“Rusiya Qələbə gününün (9 May) rəmzi gücündən istifadə edərək, üç günlük atəşkəs elan etdi. Bu, həm daxili auditoriyaya “humanist jest” kimi təqdim olunur, həm də beynəlxalq aləmdə imic yumşaltmaq məqsədi daşıyır.
Ukrayna lideri Zelenski mayın 6-dan sükut rejimini tətbiq etməyə hazır olduqlarını bildirdi, lakin Rusiyanın hücumları davam etdi. Bu, Kiyevin “biz sülhə hazırıq, onlar isə qeyri-səmimidirlər” mesajını gücləndirdi”.
A.Tağıyevin fikrincə, hadisələrin gedişini analiz etdikdə Rusiya üçün atəşkəs paradın təhlükəsizliyini təmin etmək, həm də “sülh təşəbbüsü” görüntüsü yaratmaq vasitəsidir:
“Lakin bu, real müharibə dinamikasına təsir etmir. Burada diqqətçəkən digər məqam Zelenskinin “qəribə məntiq” ifadəsi, Rusiyanın parad üçün bir saatlıq sükut istəyib, sonra hücumlara davam etməsini ifşa edən ritorikadır. Bu, həm daxili ictimaiyyətə, həm də Qərb müttəfiqlərinə ünvanlanmış vacib mesajdır. Digər tərəfdən Volodimir Zelenski Moskvada paradlara qatılmaq istəyən dövlətlərə xəbərdarlıq edərək, onların bu addımını “qeyri-adekvat” adlandırdı”.
Politoloq düşünür ki, bu, Ukraynanın diplomatik təsirini artırmaq cəhdidir:
“Hadisə göstərir ki, atəşkəs anlayışı belə müharibənin informasiya və simvolik müstəvisində alətə çevrilib. Bu epizodun dolğun mənası ondan ibarətdir ki, Rusiya Qələbə gününü legitimlik və güc nümayişi üçün istifadə edir, Ukrayna isə bu addımı qeyri-səmimi və manipulyativ kimi təqdim edərək nikbinliyini qorumağa çalışır. Müharibənin bu mərhələsi sübut edir ki, silahların səsi ilə yanaşı, simvolların, ritorikanın və diplomatik jestlərin savaşı da gedir”.
Zaira Akifqızı
Globalinfo.az