Fransanın Lion və Nant şəhərlərində bahalaşmaya qarşı keçirilən etiraz aksiyaları polislə qarşıdurmaya səbəb olub. Nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən toqquşmalar zamanı gözyaşardıcı qazdan istifadə edilib.
Globalinfo.az xəbər verir ki, Lion şəhərində hakimiyyət orqanları etiraz aksiyalarının şəhər mərkəzində keçirilməsini qadağan etsə də, nümayişçilər Garibaldi küçəsi və Gambetta bulvarına çıxmağa cəhd ediblər.
Polisin mobil bölmələri icazəsiz yürüşləri dağıtmaq üçün bir neçə dəfə gözyaşardıcı qazdan istifadə edib. Milad yarmarkasının açıldığı Bellekur meydanı ərazisində də təhlükəsizlik tədbirləri gücləndirilib.
Nant şəhərində də vəziyyət gərginləşib. “Ouest-France” nəşrinin məlumatına görə, nümayişçilərdən ibarət qrup razılaşdırılmış marşrutdan kənara çıxmağa çalışdıqdan sonra polislə qarşıdurma yaşanıb.
Nəşrin müxbirinin sözlərinə görə, etirazçılardan biri polis qumbarasının ona dəyməsi nəticəsində ayağından xəsarət alıb.
CNEWS telekanalı isə Nant şəhərindən hazırladığı reportajda ön və arxa şüşələri sındırılmış polis avtomobilini nümayiş etdirib.
Əliyar Xəlil