Ermənilər təşvişdə: Zəngəzur hər an boşala bilər – Səbəb

Zəngəzurda ermənilər təşviş içindədir. Keçmiş qondarma rejimin “parlamentinin deputatı” Metakse Akopyan deyib ki, Qafandan böyük Azərbaycan bayrağı görünür. O, yerli sakinlərin təşviş içində olduğunu deyib. Xüsusilə son atışmalar erməniləri ciddi narahat edib. “Deputat” hazırkı vəziyyəti 2020-ci ildə 44 günlük müharibə ilə müqayisə edib.

Maraqlıdır, bu vəziyyət ermənilərə nə vəd edir? Onlar bölgəni boşalda, oranı tərk edə bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, uzunmüddətli dövrdə Azərbaycanın fərqli coğrafi planları ola bilər:

“Ümumiyyətlə, gələcək perspektivdə geosiyasi dəyişikliklər baş verə bilər. Bu da öz növbəsində regionumuzun siyasi xəritəsinə təsirsiz ötüşməyəcək. Vəziyyəti daha yaxşı anlamaq üçün deyə bilərəm ki, 100 il öncə regionda Ermənistan, 200 il əvvəl isə Rusiya yox idi. Təbii olaraq region üçün fərqli imperiyalar mübarizə aparırdı.

Bu gün tamamilə fərqli reallıqların və fərqli siyasi mənzərənin şahidi oluruq. Bu mənada heç kəs deyə bilməz ki, yaxın 100 il ərzində də regionun siyasi xəritəsi dəyişməyəcək. Xüsusilə buna Göyçə gölü və Ermənistan sərhədlərinin dəyişməsini aid etmək olar”.

T.Rzayev deyib ki, Azərbaycan indiki məqamda heç bir qonşu ölkənin ərazisinə iddia etmir:

“Bu istiqamətdə konkret tələbimiz də yoxdur. Amma siyasi xəritələrin dəyişməsi bəzən kənar faktorlardan da asılı olur. Bu zaman fürsətlərdən faydalanmaq lazımdır.

O ki, qaldı Ermənistandakı təşvişə, əslində bunu normal qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Ermənistan yaxın tarixdə Azərbaycan qarşısında iki ciddi və böyük məğlubiyyət alıb. Yəni bu qorxu və xofu hələ üzərlərindən ata bilməyiblər və ən kiçik məsələni belə ciddi qəbul edirlər”.

Turan Rzayev
Globalinfo.az