ft1

Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi ətrafında yaranan gərginlik səngimir. Belə ki, Polşanın ən ali dövlət mükafatı hesab olunan bu ordenlə təltif edilmiş Ukraynanın keçmiş prezidentləri qərara etiraz olaraq mükafatdan imtina etməyə başlayıblar. İlk olaraq Petro Poroşenko və Viktor Yuşşenko ordeni geri qaytardıqlarını açıqlayıblar. Daha əvvəl isə Leonid Kuçma da bu mükafatdan imtina edən ilk  sabiq prezident olmuşdu.

Polşa-Ukrayna gərginliyi nə vəd edir? Polşa Ukraynanın müdafiəsi və ayaqda qalması üçün hansı rola malikdir? Rusiya ilə gizli anlaşa bilərmi?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, iki ölkə arasında mövcud olan fikir ayrılıqları əsasən tarixi hadisələrdən qaynaqlanır:

“Bu tarixi məsələlər iki ölkənin münasibətlərinə müəyyən təsir göstərsə də, hesab etmirəm ki, bu vəziyyət Polşanın Rusiya ilə hər hansı gizli anlaşmaya getməsi anlamına gəlir. Əksinə, Polşa yaxşı anlayır ki, Ukraynanın təhlükəsizliyi birbaşa Polşanın və ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlıdır. Məhz buna görə də Polşa Rusiyanın təcavüzünə qarşı Ukraynanın müdafiəsində ən fəal və həlledici dəstək verən ölkələrdən biri olub”.

mehemmed esedullazadeee 900x574 1

Politoloq bildirib ki, tərəflər tarixi ziddiyyətləri müəyyən qədər kənara qoyaraq siyasi iradə nümayiş etdirə bilərlər:

“Çünki mövcud geosiyasi şərait bunu zəruri edir. Rusiyadan gələn təhlükə fonunda Polşa və Ukraynanın əməkdaşlığını davam etdirməsi hər iki tərəfin milli maraqlarına uyğundur. Hazırda Polşanın Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi ilə bağlı müəyyən irad və şərtləri olsa da, bu, iki ölkə arasında strateji tərəfdaşlığın tamamilə pozulduğu anlamına gəlmir. Hesab edirəm ki, zaman keçdikcə tərəflər mövcud fikir ayrılıqlarını dialoq yolu ilə aradan qaldıra və münasibətləri yenidən normallaşdıra bilərlər”.

Ləman İmran
Globalinfo.az

Paylaş: