“Zelenski narahatdır, onu düşündürən sualların cavabı Vaşinqtondadır” – Politoloqdan ilginc şərh

Politoloq Qabil Hüseynli Globalinfo.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– Qabil bəy, Rusiya Prezidenti Vladimir Putin 3 illik fasilədən sonra Belarusa səfər etdi. Səfər hər nə qədər işgüzar xarakterli olsa da Putinin Minskə gəlişinin əsas səbəbinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı olduğu deyilir. Siz necə düşünürsünüz?

– Rusiyanın Ukraynada apardığı işğalçı müharibə təəssüf ki, davam edir. Müharibənin 2023-cü ildə də davam edəcəyi görünür. Bununla belə, Putin başa düşür ki, təkbaşına müharibəni uzun müddət davam etdirə bilməyəcək. Buna görə də müttəfiqlərini müharibəyə cəlb etməyə çalışır.

Bu həm də Rusiyanın müttəfiqləri üçün bir sınaqdır. Belarus da belə ölkələrdəndir. Rusiya uzun müddətdir ki, rəsmi Minski müharibəyə cəlb etmək istəyir. Lakin Belarus bu günə qədər müxtəlif bəhanələrlə müharibədən yayınmağı bacarıb. Prinsip etibarilə Putinin Belarusa son səfəri əsnasında da bu baş verdi. Belarus yenə müharibəyə qoşulmayacağını dedi.

Bununla belə deyə bilərəm ki, Rusiya 2023-cü ildə Belarus və Qazaxıstanı Ukrayna müharibəsinə cəlb etməyə çalışacaq. Bu həm də ABŞ-a qarşı bir təzyiq vasitəsidir.

– ABŞ-a qarşı təzyiq vasitəsi…

– Bəli. Rəsmi Vaşinqton Rusiya-Ukrayna müharibəsinin genişlənməsində maraqlı deyil. Yəni müharibəyə yeni ölkələrin cəlb edilməsi faktiki olaraq prosesin nəzarətdən çıxmasına səbəb olar. Digər tərəfdən, bu, NATO-nun prosesə qoşulması risklərini artırır.

ABŞ onsuz da Ukraynaya kifayət qədər dəstək verir. Bu dəstəyi rahatlıqla artıra bilər. Lakin Vaşinqton Kremlin daha da aqressivləşməsindən ehtiyat edir. Vaşinqton üçün hazırda əsas prioritet müharibənin nəzarətdə saxlanılmasıdır. Buna görə də yeri gəldikdə Rusiya ilə gizli danışıqlara da gedir.

– 2023-cü ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücum edəcəyi deyilir. Sizcə, bu nə dərəcədə gözləniləndir?

– Rusiya müharibənin əvvəlində qazandığı bir çox məntəqələri bir-bir itirir. Bununla paralel Ukraynaya davamlı dəstək də gəlir. Kreml vəziyyətdən ciddi şəkildə narazıdır. Xüsusilə də prosesin bu kontekstdə davam etməsi Putin administrasiyasını narahat edir.

Mümkündür ki, belə bir hücum baş tutsun, lakin effektiv olacağını demək çətindir. Kreml 2022-ci ili kifayət qədər ciddi itkilər ilə yekunlaşdırır. 2023-cü ildə belə bir hücum olacaqsa Rusiyaya kifayət qədər ciddi hazırlıq və silah-sursat gərəklidir.

Misal üçün, Rusiya ordusu PUA-lar baxımından zəifdir. İlk növbədə bu zəiflik aradan qalxmalıdır. Maliyyə baxımdan da Kreml çətin günlər keçirir.

– Qabil bəy, Ukrayna Prezidenti Vladimir Zelenskinin Amerika Birləşmiş Ştatlarına səfər edəcəyi deyilir. Bu səfərin məqsədi nədir?

– Rusiya Prezidenti Vladimir Putin 3 illik fasilədən sonra Belarusa səfər etdiyi kimi Ukrayna Prezidenti Volodimir Zelenski də müharibə başlayandan bəri ilk dəfədir ki, xarici ölkəyə səfər edir.

Bu səfər haqda onu demək olar ki, Zelenski narahatdır və onu düşündürən suallar var. Bu sualların cavabı isə Vaşinqtondadır. Hesab edirəm görüşün nəticəsi Ukrayna müharibəsində 2023-cü ildə necə olacağı haqda informasiya verəcək. Hələlik isə nəsə demək çətindir.

Turan Rzayev
Globalinfo.az