Yatmış şəxsin maşınını götürüb dəhşətli qəza törətdi – Təfərrüat

Ötən ilin 12 sentyabrında Goranboy rayonunda 1996-cı il təvəllüdlü İsa Rəhimovun ölümü ilə nəticələnən ağır qəzanın təfərrüatları məlum olub.

Globalinfo.az-ın əldə etdiyi məlumat görə, ağır qəzanı törədən rayonun Mənəşli kənd sakini, 1994-cü il təvəllüdlü E.Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-cü, yəni sürücülük hüququ olmadan ölümlə nəticələnən yol qəzası törətmə maddəsi ilə ittiham edilib.

Araşdrmalar zamanı məlum olub ki, sürücülük vəsiqəsi olmayan E.Məmmədov həmin gün tanışının yuxuda olmasından istifadə edərək ona məxsus “VAZ 21021” markalı avtomobili sürərək zoğal almaq məqsədilə Ərkəc kəndinə gedib. O, zoğal aldıqdan sonra avtomobillə Todan kəndinə doğru yola çıxıb. Bu zaman İsa Rəhimov da onunla birgə avtomobilə əyləşib və onlar birlikdə yola düşüblər. Avtomobil Todan istiqamətində hərəkətdə olarkən torpaq yolda saatda 30 kilometr hərəkətdə ikən sürücü idarəetməni itirib və maşın yüksəklikdən 40 metr dərinlikli dərəyə aşıb. Nəticədə ön sərnişin oturacağında əyləşən 26 yaşlı İsa maşının qapısının da açılması səbəbindən ağır xəsarətlər alaraq vəfat edib.

Cinayət işi üzrə toplanmış materiallar daha sonra Gəncə Ağır Conayətlər Məhkəməsinə göndərilib. Sürücü E.Məmmədov 4 il müddətinə nəqliyyat vasitsi idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun cəzasını məntəqə tiöli müəssisədə çəkməsi qeyd edilib.