Dünən — 26 avqust qardaş Türkiyənin tarixində iki böyük hadisənin ildönümü idi. 26 avqust 1071-ci ildə Sultan Alparslan Malazgird zəfərini qazandı. Düz 851 il sonra, 26 avqust 1922-ci ildə isə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Böyük Hücum başladı. Bu il Malazgird Zəfərinin 955-ci, Böyük Hücumun isə 104-cü ildönümüdür.
26 avqust Türkiyədə hər il böyük təntənə ilə qeyd olunur. Bu iki tarixi hadisənin arasında əsrlər dayansa da, onları birləşdirən ortaq məna var: Anadoluya daxil olmaq və həmin torpaqları əbədi türk yurdu kimi qorumaq.
Düzdür, türklərin Anadoluya gəlişi Malazgird zəfərindən daha qədim tarixə malikdir. Lakin oğuzların kütləvi və sistemli şəkildə Anadoluya gəlməsi, bu coğrafiyanı yurd etməsi və Anadolu üzərində türk hakimiyyətinin əsaslarının qoyulması məhz Səlcuqların yürüşləri ilə bağlıdır.
Məni isə başqa bir sual düşündürür:
Anadolunun qapılarını türklərə açan və bu torpaqları əbədi türk yurdu edən Sultan Alparslandırsa, Azərbaycanın qapılarını türklərə açan, burada türk varlığının və oğuz kimliyinin möhkəmlənməsində mühüm rol oynayan kim idi?
Cavab bizi Alparslan dövründən də əvvələ — Sultan Toğrul bəyin hakimiyyət illərinə aparır.
Böyük Səlcuq dövlətinin qurulmasından sonra Sultan Toğrul qərb istiqamətindəki fəthlər üçün Səlcuq şahzadələrini müxtəlif bölgələrə göndərdi. Məsələn, İbrahim Yınal Həmədan və İsfahan istiqamətinə, Qutalmış və Rəsul-Təgin Xəzər dənizi bölgəsinə, Çağrı bəyin oğlu Yaquti isə Azərbaycan istiqamətinə göndərildi. Məhz bu məliklər arasında Yaquti bəyin adı Azərbaycan tarixində xüsusi önəm qazanır.
Yaquti sıradan bir Səlcuq şahzadəsi deyildi. O, Böyük Səlcuq dövlətinin qurucularından biri olan Çağrı bəyin oğlu, gələcəkdə Malazgird zəfərinin qəhrəmanı olacaq Sultan Alparslanın qardaşı idi.
Əslində Yaqutiyə və ümumilikdə Səlcuqlulara qədər də Azərbaycan ərazisində türklər yaşayır, bu ərazilərdə hakimiyyət qurmağa çalışmışdı. Misal üçün hunlar, sabirlər, xəzərlər, qıpçaqlar əsrlər ərzində bu coğrafiyanın tarixində iz qoymuşdular. Lakin Yaqutinin rəhbərliyində gələn oğuz-türkmən kütlələri Azərbaycanda yerləşərək bölgənin türk siyasi və etnik kimliyinin möhkəmlənməsinə böyük təkan verdi.
Beləliklə, Yaquti yalnız Azərbaycanı fəth edən Səlcuq şahzadəsi deyil, burada qalıcı türk kimliyinin formalaşmasında mühüm rol oynayan tarixi fiqurdur.
Tarixin müxtəlif mərhələlərində buradakı dövlətlər, sülalələr, hakimiyyətlər dəyişdi. Əsrlər sonra Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində, Səfəvilərdə, Əfşarlarda, Azərbaycan xanlıqları dövründə məlik Yaquti dönəmində gələn oğuz türkləri həlledici rol oynadı.
Bu gün Türkiyədə Sultan Alparslanla Mustafa Kamal Atatürk arasında maraqlı paralel aparılır. Sultan Alparslan Anadolunun qapılarını türklərə açdı, Mustafa Kamal Atatürk isə Qurtuluş savaşı, Böyük Hücumla buradakı türk varlığını əbədiləşdirdi.
Fikrimcə, Azərbaycan tarixində də belə paralel aparmaq olar. Belə ki, Yaquti Azərbaycanı əbədi türk yurdu etdi, Ümummilli lider Heydər Əliyev isə 1993-cü ildə hakimiyyətə qayıdıb burada türk, azərbaycanlı varlığını əbədiləşdirdi. Məhz Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlarından birində ölkənin dağılmasının qarşısını aldı, siyasi sabitliyi bərpa etdi, ordunun və dövlət institutlarının möhkəmlənməsinə nail oldu və Azərbaycanın müstəqilliyinin qorunması üçün mühüm siyasi əsaslar yaratdı. Onun siyasəti və fəaliyyəti nəticəsində ermənilərin Azərbaycan xalqını bu coğrafiyadan çıxarmaq, soyqırıma məruz qoymaq planının qarşısı alındı.
Bu mənada Sultan Alparslan və Mustafa Kamal Atatürk Türkiyə türkləri üçün nə edibsə, bənzərini İsmayıl Yaquti və Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün edib.
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı