Avropada “qadın siyasətçi”, “qadın lider” anlayışları artıq sıradan, normal hesab edilsə də, Mərkəzi Asiya və ümumilikdə Şərq regionu üçün hələ də bu məsələdə köklərə qayıdışa ehtiyac duyulur. Bu qəbildən olan və son illərdə Türk coğrafiyasında gücü, təsir imkanları, siyasi populyarlığı artan qadınlardan biri də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin üç övladının ən böyüyü olan qızı Saida Mirziyoyevadır.
Türk ölkələrinin müasir dövlət modeli və siyasi sferasında qadın lider anlayışı hələ yeni-yeni genetik oyanış yaşayır. Bu coğrafiyada Qırğızıstanın tanınmış siyasətçisi, keçid hökuməti prezidenti Roza Otunbayevadan sonra bəlkə də ilk dəfə hökumətdə, dövlət idarəçiliyində fəaliyyəti genişlənən, gücü və nüfuzu artan “siyasi varis” kimi görülən qadın, Mirziyoyevadır.
Hüquq və iqtisadiyyat təhsili olan Mirziyoyeva, 2019-cu ildə media və kommunikasiya sahəsinə addım atıb və bundan sonra bir çox istiqamətdə təsir imkanlarını genişləndirib. 2022-ci ilə kimi ölkənin media sferasında yüksək vəzifələr tutan Mirziyoyeva, 2023-cü ildə daha sonra Prezidentin köməkçisi, 2025-ci ildə isə Prezident Administrasiyasının rəhbəri təyin edilib. Mirziyoyevanın aktiv fəaliyyət göstərdiyi və hökumətdə təmsil olunduğu müddətdə təhsil, sosial, iqtisadiyyat və s. istiqamətlərdə bir çox layihələr həyata keçirilib. Qadın hüquqları ilə bağlı irəliləyişə nail olunub, 2023-cü ildə Özbəkistanda məişət zorakılığı ilə bağlı qanunvericilik sərtləşdirilib və qadınlar üçün hüquqi müdafiə mexanizmləri genişləndirildi.
Yaxın zamanda Saida Mirziyoyevanın Prezident Administrasiyasının rəhbəri kimi Özbəkistan televiziyasına müsahibə verməsi də ölkədə maraqla qarşılanıb. Belə ki, ölkədə ilk dəfə Prezident Administrasiyası rəhbərinin səmimi və açıq şəkildə mətbuatın suallarını cavablandırdığı deyilir. Bu da ictimaiyyətdə xeyli diqqət çəkib və onun siyasi roluna marağı artırıb.

Saida Mirziyoyeva
Həmçinin son 7 ildə Özbəkistanda işsizlik, yoxsulluq səviyyəsinin azalması istiqamətində həyata keçirilən layihələr, iqtisadiyyatın genişlənməsi proseslərində əldə olunan uğurlar, xarici siyasətdəki açılım, media islahatları da Mirziyoyevanın aktiv fəaliyyətə keçdiyi dövrə təsadüf edir. Xüsusilə Özbəkistanın xarici siyasətində son illərdə yaşanan müsbət sıçrayış, Avropa və digər ölkələrlə əlaqələrin genişləndirilməsi kimi proseslərin arxasındakı əsas şəxslərdən birinin də Mirziyoyeva olduğu bildirilir. Şübhəsiz, ölkə rəhbəri Şavkat Mirziyoyevin bu nailiyyətdə rolu birincilik təşkil edir. Amma böyük qızının proseslərin arxasında ad kimi görülməsi onun barəsində “növbəti prezident namizədi” gözləntilərini ortaya çıxarıb.
2026-cı ilin avqustunda isə Prezident Administrasiyasının rəhbərinin səlahiyyətləri daha da genişləndirildi. Yeni dəyişikliklər nəticəsində o, Təhlükəsizlik Şurasının koordinasiyası, xarici və daxili siyasətdə təkliflər vermə, dövlət qurumları və bölgə idarəçiliklərinin koordinasiyası istiqamətlərində səlahiyyətlərə malik oldu. Bəli, Özbəkistanda ən ciddi problemlərdən biri əmək miqrasiyası, yoxsulluq səviyyəsinin yüksək olmasıdır. Amma son icra olunan layihələrdə artıq bu kimi istiqamətlərdə müsbət dəyişikliklərə nail olunub. Yəni qardaş ölkənin bu irəliləyişi artırması mümkündür. Mirziyoyevanın fəaliyyəti və artan gücü onun “prezident qızı” statusundan tədricən ayırıb. Artıq o, öz xəttini tutmuş bir siyasi fiqurdur. Saida Mirziyoyeva ictimai imicində özünü özbək qadın siyasətçisi, həmçinin ailə dəyərlərinə bağlı qadın, ana və ölkəsinin maraqları üçün çalışan vətəndaş kimi təqdim edir.
Bütün bunlar nəzərə alınaraq, onun ölkənin gələcək lideri olması ilə bağlı müzakirələr də intensivləşir. Mirziyoyevanın duruşu, davranışı, xarici siyasətdə yanaşması idealdır. Ən azı bir türk qadınının xalqı tərəfindən lider seçilməsi köklərə qayıdış olar. Türk Dövlətləri Təşkilatının liderləri masasında bir türk qadının iştirakı da tarixi genetikamızın oyanışına işıq salar.
Ayşən Mustafa
Globalinfo.az