fermer sud

Azərbaycanda fermerlərin məhsullarını maya dəyərindən aşağı qiymətə satması və nəticədə tonlarla məhsulun tarlada qalması problemi yenidən gündəmə gəlib. Südünü sata bilmədiyi üçün yerə tökən fermerə Kənd Təsərrüfatı Nazirliyinin dəstək göstərəcəyi açıqlansa da, ekspertlər hesab edirlər ki, məsələ ayrı-ayrı fermerlərə yardım göstərməklə həll olunacaq səviyyədə deyil. Onların fikrincə, kənd təsərrüfatında məhsulun istehsalından satışına qədər daha sistemli və peşəkar yanaşmaya ehtiyac var.

Bəs fermerlər niyə yetişdirdikləri məhsulu dəyərindən ucuz satmağa məcbur olurlar?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, fermerlərin məhsullarının ucuz qiymətə alınması ilə bağlı səsləndirilən fikirlər daha çox həmin sahədə fəaliyyət göstərən şəxslərin iddialarıdır:

“Təfərrüatlı şəkildə açıqlasaq, azı iki dəfə üzü alınmış süd nisbətən ucuz qiymətə şirniyyat məmulatları sexləri və süd zavodları tərəfindən alınır. Südün yağlılıq dərəcəsi 3 və üzərində olduqda fermerin iddia etdiyi qiymətə alınmır. Son günlər sosial şəbəkələrdə fermer etirazı ilə bağlı video yayıldı. Orada qeyd olunur ki, südün litri 15 qəpiyə alınır. Əvvəla, 15 qəpik deyil, 20-25 qəpik və daha yüksək qiymətə alınır. İkinci məsələ isə odur ki, üzü azı iki dəfə alınmış süd fermer üçün artıq yararsız məhsul hesab edilir. Çünki südün üzü alınıb və artıq keyfiyyəti aşağı düşüb”.

İqtisadçı bildirib ki, zavod fermerin qapısına qədər avtomobillə gedərək südü götürür:

“Burada yanacaq və sürücünün əməkhaqqı xərci var. Zavodda həmin süd süd məhsuluna çevrilir və bu da əlavə xərc tələb edir. Bundan başqa, məhsulun qablaşdırılması, işçilərin əməkhaqqı, hazır məhsulun ölkənin şəhər və rayonlarına daşınması xərcləri də var. Məsələn, hazırda mağazalarda pendirin minimum qiyməti 7 manatdır.

gunay huseynova 1 e1756076483830

Günay Hüseynova

Bu pendir fermerdən litri 15 qəpiyə alınan süddən hazırlanır. Üstəlik, mağazanın marjası da qiymətə əlavə olunur. Fermer o zaman etiraz edə və ya tələb irəli sürə bilər ki, üzü alınmamış, yağlılıq dərəcəsi 3 və üzərində olan südü zavoda satsın. Məsələn, həmin süddən hazırlanan süd məhsulunun qiyməti 20-22 manat olsun”.

G.Hüseynova digər mühüm məqama da diqqət çəkib:

“Sosial şəbəkələrdə yayılan etiraz videosunda süd əvvəlcə bankaya doldurulur, daha sonra boşaldılır və bankada demək olar ki, iz də qalmır. Bu da onu deməyə əsas verir ki, südün üzü azı iki dəfə alınıb. Üzü alınan süd yağ məhsuluna çevrilməklə kiloqramında 30 manat, qaymaq formasında 25-30 manat, pendir formasında isə kiloqramı 22-25 manat olmaqla sahibinə gəlir qazandırıb”.

Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi məsələsinə gəlincə, iqtisadçı bildirib ki, bir fermerə dəstək göstərib digərlərini kənarda qoymaq mümkün deyil:

“Subsidiya da əslində həll yolu deyil. Fermerlər, onların heyvanları, gündəlik süd və ya ətlik məhsulun miqdarı sistemləşdirilməlidir. Düşünürəm ki, ölkədəki fermerlərlə ayrı-ayrılıqda görüşmək, problemi dinləyib aradan qaldırmaq çıxış yolu ola bilər. Əks təqdirdə, yalnız bir fermerə və ya bir sahəyə yönəlmiş qərar digər fermerlərin maraqlarına xidmət etməyə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: