Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Azər Aydəmirə məxsus “Aydəmir Entertainment” şirkəti ilə yeni müqavilə bağlayıb.
Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilədə “Çar Skiflər – İşquz Dövləti” tammetrajlı bədii-sənədli filminin post-prodakşn mərhələsində (tamamlanma) 3 hissəli geniş variantının hazırlanması xidmətlərinin və hüquqlarının satın alınması nəzərdə tutulub.
Müqavilənin maliyyə dəyəri 200.600 manat müəyyənləşib.
Xatırladaq ki, ARKA bu ilin əvvəlində də “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalı ilə bağlı “Aydəmir Entertainment” şirkəti ilə 657.000 manat dəyərində müqavilə bağlayıb.
Audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.