Bu gün Ermənistanda iki fərqli hadisə yaşandı. Əvvəlcə keçmiş prezident, Xocalı qatili Robert Köçəryan və oğlu korrupsiya işi çərçivəsində saxlanıldı.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ümumilikdə altı nəfərin saxlanıldığını açıqlayıb.
Digər sabiq prezident, Xocalı cəlladı Serj Sərkisyana da cinayət işi açılıb, o da ifadə verməyə çağırılıb.
Hələlik onlar Ermənistanda törətdikləri çoxsaylı cinayətlərə görə cavab verməli olacaqlar.
Ümidimiz o yöndə ki, tezliklə Azərbaycan torpaqlarında həyata keçirdikləri terror aktlarına, müharibə cinayətlərinə görə də cəzalarını alsınlar. Hazırda bu “şanslarından” yüksək səviyyədə istifadə edən digər canilər – Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və başqa terrorçular kimi…
Ermənistanda keçirilən əməliyyatlardan sonra bir maraqlı xəbər də Laçından gəldi. Belə ki, Azərbaycanın Laçın şəhərində Ermənistanın enerji qurumlarının nümayəndələri ilə görüş keçirildi. Görüşdə iki ölkə arasında elektrik enerjisinin idxalı və ixracı imkanları, eləcə də enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsi müzakirə olunub.
Bütün bunlar Azərbaycanın 2020-ci ildən sonra formalaşdığı reallıqların təzahürüdür.
Laçın artıq döyüşlərin getdiyi, sərhəd təxribatlarının olduğu ərazi deyil.
Artıq burada sülhdən, əməkdaşlıqdan danışılır. Danışılır ki, daha çox qan tökülməsin, şəhidlər verməyək.
Vaxtilə məhz Ermənistanın işğalçı siyasəti nəticəsində Laçında çox evin “işığı sönüb”.
İndi isə qəhrəman şəhidlərimizin qanı, qazilərimizin şücaəti, Ali Baş Komandanın rəhbərliyi və xalqımızın iradəsi ilə formalaşan yeni reallıqlar Laçını “işıq şəhəri”nə çevirir.
Bir vaxtlar qarşıdurmanın və müharibənin coğrafiyası olan ərazilərdə indi enerji, nəqliyyat və kommunikasiyalarla bağlı praktiki məsələlərin müzakirəsi baş verir.
Bir vaxtlar partlayışların səmanı aydınlatdığı bu şəhər indi regiona işıq saçır.
2020-ci ilə qədər Cənubi Qafqaz zülmətə qərq olmuşdu.
Azərbaycan işıqları yandırdı.
Aydınlığımız mübarək…
Aqşin Evrən
Globalinfo.az