restorani seki 900x600 2

Ötən gün rəfiqəmlə restoranda idik. Yeməyimizi yedik, söhbətimizi etdik, hesabı istədik. Hesab gəldi, kartla ödəniş etdik. Hər şey qaydasında idi. Ta ki ofisiant hesab yazılan qabın masada qalıb-qalmayacağını soruşana qədər.

“Götürə bilərsiniz”, – dedik.

Sonradan rəfiqəm bir cümlə dedi:

— “Çayvoy” (bəxşiş) istəyirdi.

Həmin an ağlıma gələn ilk sual bu oldu: Əgər hesabın üzərinə “servis haqqı” əlavə olunubsa, niyə əlavə bəxşiş verməliyəm?

Bu, son vaxtlar restoranda hesab ödəyən bir çox insanın özünə verdiyi sualdır. Çünki Bakıda restoran hesabı artıq təkcə “nə yeyib-içdim?” sualının cavabı deyil. Hesabın aşağı hissəsində yeməyin qiymətindən başqa müxtəlif əlavələr görə bilirik. Onların arasında ən çox rast gəlinəni isə 8, 10, bəzən 15 faiz servis haqqıdır.

Məsələ 5-10 manatın söhbəti deyil.

Məsələ odur ki, müştəri əslində nəyə pul verdiyini bilməlidir.

Bəs servis haqqı və “çayvoy” nədir?

Servis haqqı ilə bəxşişi eyni şey kimi qəbul etmək düzgün deyil.

Sadə desək, servis haqqı restoranın göstərdiyi xidmət üçün hesabın üzərinə əvvəlcədən müəyyən etdiyi faizlə əlavə etdiyi ödənişdir. Məsələn, 100 manatlıq hesabın üzərinə 10 faiz servis haqqı tətbiq edilirsə, müştəri əlavə 10 manat ödəyir.

Bəxşiş, yəni bizim gündəlik dildə “çayvoy”, “çaypulu” dediyimiz məbləğ isə başqa məsələdir. O, müştərinin istəyindən asılıdır. Xidmət xoşuna gəlibsə, ofisianta əlavə pul vermək istəyirsən – verirsən. İstəmirsənsə, vermirsən.

Ən azı məntiq belə olmalıdır.

İnsan da istər-istəməz düşünür: Mən bu 10 faizi nəyə ödəmişəm? O 10 faiz hara gedir?

Çünki servis haqqının adı “servis” olsa da, onun konkret olaraq kimə çatdığı bütün restoranlarda eyni deyil. Bir müəssisədə həmin vəsaitin müəyyən hissəsi ofisiantlar arasında bölüşdürülə bilər, başqa bir yerdə ümumi əməkhaqqı və digər xərclərin qarşılanmasına yönəldilə bilər.

Tanıdığım restoran işçilərindən biri demişdi ki, işlədiyi yerdə bəxşişlər növbədə olan ofisiantlar arasında bölüşdürülür, hətta müəyyən hallarda ofisiant olmayan digər əməkdaşlar da həmin məbləğdən pay alır.

Bu isə başqa bir sual doğurur.

Təsəvvür edin, müştəri 5 manat bəxşiş verir. Amma həmin 5 manatın hamısı masaya xidmət edən, sifarişi qəbul edən, yeməyi gətirən, suyu dolduran, müştərinin çağırışına cavab verən ofisiantın cibinə getmir.

Üstəlik, hesabda artıq servis haqqı da tutulub.

Onda müştərinin beynində haqlı olaraq belə bir sual yaranır: Mən niyə eyni xidmət üçün iki dəfə ödəniş etməliyəm?

Bəzən porsiyası əvvəlkindən kiçik, keyfiyyəti orta, qiyməti isə kifayət qədər yüksək olan yeməyə pul ödəyirsən. Hesab gələndə isə üstünə servis haqqı gəlir.

Sonra da gözlənti yaranır ki, bir az da “çayvoy” ver.

Bu zaman söhbət artıq bəxşişdən yox, psixoloji məcburiyyət hissindən gedir. Restoranın servis haqqı varsa, müştəri bunu sifariş verməzdən əvvəl bilməlidir. Menyuda, qiymət siyahısında və ya digər aydın formada göstərilməlidir.

Azərbaycan qanunvericiliyində də istehlakçının əsas hüquqlarından biri mal və xidmət haqqında zəruri və düzgün məlumat almaqdır. Rəsmi qurumun açıqlamasında da xidmətin qiyməti barədə istehlakçıya məlumat verilməsinin bu hüququn əsas hissəsi olduğu vurğulanır.

Yəni məsələ yalnız “10 faiz çox pul aldılar” deyil.

Müştəri restorana daxil olanda nə qədər ödəyəcəyini bilməlidir.

Əgər menyuda yeməyin qarşısında 25 manat yazılıbsa, insanın hesabında hansı əlavə ödənişlərin yaranacağını da bilməsi normaldır. Hesabın sonunda ilk dəfə gördüyü “+10% servis” yazısı müştəri üçün xoş olmayan sürprizə çevrilməməlidir.

Bu məsələdə Türkiyədə baş verən dəyişiklik xüsusilə diqqət çəkir.

30 yanvar 2026-cı ildən Türkiyədə restoran, kafe və oxşar iaşə obyektlərində müştəridən “servis” və buna bənzər adlarla məcburi əlavə ödəniş tələb olunması qadağan edilib. Türkiyə Ticarət Nazirliyinin açıqlamasına görə, müştəri yalnız könüllü əsasda bəxşiş verə bilər.

Bu, əslində, çox sadə bir prinsipə söykənir: Qiymət nədirsə, müştəri onu əvvəldən görsün.

Və ən maraqlısı odur ki, bu dəyişiklik “ofisiantlara bəxşiş vermək qadağandır” demək deyil. Əksinə, bəxşiş qalır. Sadəcə onun adı dəyişmir: könüllü ödəniş olaraq qalır.

Bəlkə Azərbaycanda da bu model müzakirəyə çıxarıla bilər?

Servis haqqını birdən-birə ləğv etmək restoranların gəlir strukturuna təsirsiz ötüşməyə bilər. Xüsusilə də bəzi müəssisələr həmin vəsaitdən işçi heyətinin gəlirində istifadə edirsə, dəyişiklik birbaşa ofisiantlara da toxuna bilər.

Amma bunun başqa yolu da var. Restoran servis haqqını ayrıca müştərinin üzərinə qoymaq əvəzinə həmin xərci məhsul və xidmət qiymətlərinin formalaşmasına daxil edə bilər. İşçinin maaşını isə bəxşişə bağlamaq əvəzinə əməkhaqqı sisteminin bir hissəsi kimi müəyyənləşdirər.

Bu zaman müştəri də bilir ki, menyuda 30 manat yazılıbsa, onun qarşısında hansı ödəniş dayanır.

Üstəlik, 2026-cı ildən Azərbaycanda ictimai iaşə sektoru üçün nağdsız ödənişləri stimullaşdıran vergi güzəştləri tətbiq olunur. POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə müəyyən vergi güzəştləri nəzərdə tutulub.

Yəni restoran sahibinin qarşısında yalnız bir seçim yoxdur. Müştəriyə əlavə xərc yükləmədən də biznes modelini qurmaq olar.

Bu məsələdə əsas səhv mübahisəni “çayvoy verək, yoxsa verməyək?” səviyyəsində saxlamaqdır. Fikrimcə, yaxşı xidmət göstərilibsə və müştəri bunu qiymətləndirmək istəyirsə, əlbəttə, bəxşiş verə bilər. Ofisiant da nəticədə əməyi ilə pul qazanan insandır. Onun bütün restoran sisteminin günahını daşıması ədalətli deyil. Amma bəxşişin “məcburiyyət” havasına salınması yanlışdır.

Restoran sahibinin haqqı var – qazansın.

Ofisiantın haqqı var – əməyinin qarşılığını alsın.

Müştərinin də haqqı var – hesabın sonunda özünü aldadılmış, yaxud borclu hiss etməsin.

Məsələ elə bu qədər sadədir.

safura 882x900 1

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: