Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında 4 nəfərin ölümü, 4 nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanıb.
Bu barədə Globalinfo.az–a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.
Cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.
İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.
***10:51
Lökbatanda yanğında ölənlərin adları açıqlanıb.
Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, yanğında Zülfiyyə Yusifova (1998), onun iki azyaşlı övladı Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və qonşu mənzildə yaşayan Yusif Hüseynov (1953) ölüb.
***10:37
Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında həlak olanlarlardan ikisi uşaqdır.
Globalinfo.az xəbər verir ki, “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi ilkin məlumata görə, partlayışa mənzildəki kombinin partlaması səbəb olub.
Hadisə nəticəsində eyni evdə yaşayan iki məktəbli və onların anası ölüb.
Təxminən 65–70 yaşlarında olan bir kişi isə qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Onun arxasınca gələn həyat yoldaşının isə tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.
***10:09
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində yerləşən 9 mərtəbəli yaşayış binasında dörd nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə məlumata görə, yanğının qazsızmadan baş verdiyi ehtimal edilir.
Məlumata görə, yanğın 7-ci mərtəbədə başlayıb, ölən şəxslər isə binanın 9-cu mərtəbəsində yaşayır. 3 nəfər bir ailənin üzvüdür, digər ölən şəxs isə qonşudur.
Qeyd edək ki, yanğın zamanı ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb, hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.
Yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub, 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir, bir nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.