Xaçaturyana niyə ömürlük yox, 15 il həbs cəzası verildi?

Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın 65 yaşı olması nəzərə alınaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun 15 il cəza alması ictimaiyyətdə narazılıqlara səbəb olub.

Narazılıqlara səbəb isə onun törətdiyi caniliyə görə cəzasının az olmasıdır. Hətta Azərbaycanda öz gəlinini öldürdüyü üçün 75 yaşlı kişiyə 18 il cəza təyin olunması da misal olaraq göstərilir.

Mövzunu Globalinfo.az-a şərh edən vəkil Elçin Sadıqov deyib ki, məhkəmədə Xaçaturyanın 65 yaşı olması nəzərə alınmalı idi və alındı da.

Elçin Sadıqov

Onun sözlərinə görə, 65 yaşdan sonra ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməzdi:

“Vaqif Xaçaturyanın cinayət törətdiyi və təqsirləndirildiyi dövr üçün bizdə Cinayət Məcəlləsində 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası mövcud olmayıb. Ona görə də o zamana uyğun maksimum müddət olan 15 il təyin olunub. Gəlinini qətlə yetirən şəxs isə cinayət törədən zaman qanunla cəza 15 ilə qədər deyil, 20 ilə qədər və ömürlük azadlıqdan məhrumetmə idi. Dediyim kimi, Xaçaturyanın cinayət törətdiyi ildə cəza maksimum 15 il idi, sonra ömürlük gəlirdi”.

Zaira Akifqızı
Globalinfo.az