“Sabah” karyeramda çalışdırdığım ən yaxşı komandadır”.
Globalinfo.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Hapoel” lə cavab qarşılaşmasından sonra mətbuat konfransında deyib.
“Çox möhtəşəm gecədir, gözəl atmosferdir. Azarkeşlərə təşəkkür edirəm. Oyunçular möhtəşəm oynadılar. “Sabah” karyeramda çalışdırdığım ən yaxşı komandadır. Dünyanın ən yaxşı turnirinin əsas mərhələsinə vəsiqə qazanmışıq . Bu gün dünyanın ən xoşbəxt baş məşqçisiyəm.
“Hapoel” ən yaxşı pressinq tətbiq edən komanda idi. Bunun nəticəsində qol buraxdıq. Transfer məsələsinə gəlincə, Çempionlar Liqası üçün futbolçular təyin etmişik. Ona görə də transfer barəsində düşünmürük”, – deyə o əlavə edib.
Mütəxəssis qələbəni xüsusi qeyd edəcəyini vurğulayıb: “Səhvlərimiz var, təhlil edəcəyik. Stadiona gələn azarkeşlər bu gecəni unutmayacaqlar. Mən bu günü qeyd edəcəyəm. Heç vaxt alkoqol qəbul etməmişəm. Amma sizi əmin edirəm ki, bu gün bunu edəcəyəm”.
O, heyətin gücləndirilməsi və yeni transferlər barədə sualı cavablandırarkən komandadakı oyunçulara etibar etdiyini söyləyib: “Çempionlar Liqasında ərizəyə 17 xarici futbolçu daxil edə bilərik. Yeni transferlər etsək, hazırda heyətdə olan və bu uğuru qazanan oyunçulardan kimisə kənarda saxlamalı olacağıq. Bu futbolçular liqa mərhələsində oynamağa tam layiqdirlər”.
Dambrauskas Tellur Mütəllimovun çıxışını xüsusi qiymətləndirib: “Tellur komanda maraqları üçün hər zaman fədakarlıq edən oyunçudur. O, əsas heyətdə az şans qazansa da, meydana daxil olduqda maksimumunu verir və vacib qollar vurur. Belə xarakterli futbolçularla işləməkdən qürur duyuram”.
Təcrübəli mütəxəssis Aleksey İsayevin ehtiyatda saxlanılmasının taktik gediş olduğunu açıqlayıb: “Rəqibi təəccübləndirmək üçün fərqli sxemlə başladıq. İsayev rəqibin sıx müdafiə olunduğu anlarda hücum yaradıcılığını artırmaq üçün meydana daxil oldu və tapşırığı əla yerinə yetirdi”.
Baş məşqçi riskli və aqressiv oyun üslubundan imtina etməyəcəklərini də vurğulayıb: “Bizim öz oyun fəlsəfəmiz var. Hücum etməkdən və risk almaqdan qorxmuruq. Səhvlər ola bilər, amma azarkeşlərimiz üçün baxımlı futbol oynamağa davam edəcəyik”.
Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.