Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda bildirib ki, Türkiyə ilə sərhədlər hələ də bağlı olsa da, proses xeyli inkişaf edib. “Bir səhər “Ermənistan-Türkiyə sərhədi açıqdır” başlıqlı xəbər ilə oyanmağımız tamamilə mümkündür”,- deyə o, qeyd edib.
Türkiyədən Azərbaycana İsrail və hicab mövzuları üzərindən başladılan hücumlarının arxasında Ankaranın Ermənistanla sərhədi açmağa hazırlaşdığının dayandığı deyilir.
AKP hökuməti niyə Ermənisanla sərhədi açmağa bu qədər tələsir?
Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanla Azərbaycan arasında artıq de-fakto sülh mövcuddur:
“Lakin yekun sülh müqaviləsinin imzalanması üçün hələ də müəyyən siyasi və hüquqi məsələlər öz həllini gözləyir. Ermənistan tərəfi yekun sülh sənədinin imzalanması ilə bağlı müəyyən zaman çərçivəsini önə çəkir. Azərbaycanın əsas tələblərindən biri isə yekun sülh müqaviləsinin imzalanması ilə yanaşı, sərhədlərin və kommunikasiyaların açılması, həmçinin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır.
Hesab edirəm ki, Ermənistan gələn ilin mart ayına qədər konstitusiya referendumu keçirməklə bağlı qərar verə bilər. Bununla belə, referendumun keçirilməsi və konstitusiyaya müvafiq dəyişikliklərin edilməsi Ermənistanın daxili siyasi proseslərindən asılıdır.
Hazırda Türkiyə Cənubi Qafqazda öz geosiyasi mövqeyini gücləndirməyə çalışır. Ankara indiyədək Azərbaycanla, əsasən, sinxronlaşdırılmış siyasət yürüdüb. Türkiyə də hesab edir ki, münaqişə başa çatıbsa və regionda de-fakto sülh mövcuddursa, sərhədlərin açılması və regional kommunikasiyaların bərpası istiqamətində addımlar atılmalıdır.
Məhəmməd Əsədullazadə
Lakin düşünürəm ki, Türkiyə bu məsələdə Azərbaycanla ortaq mövqe nümayiş etdirməli və rəsmi Bakının narahatlıqlarını nəzərə almalıdır. Çünki Ermənistanın Türkiyəyə münasibətdə də tarixi və siyasi müstəvidə mübahisələr doğuran məsələləri mövcuddur. Bu baxımdan, sərhədlərin açılması ilə bağlı qərarlar yalnız regional geosiyasi maraqlar çərçivəsində deyil, həm də uzunmüddətli sülhün təmin olunması baxımından qiymətləndirilməlidir.
Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin Azərbaycanın mövqeyi nəzərə alınmaqla davam etdirilməsi vacibdir. İkitərəfli rəsmi danışıqlar bu məsələlərin həllində əsas vasitə olmalıdır. Ermənistan Türkiyə ilə sərhədlərin açılmasında və Rusiya ilə münasibətlərində daha müstəqil siyasət yürütməkdə maraqlı ola bilər. Ancaq regional proseslərdə tələsik qərarların verilməsi gələcəkdə yeni siyasi çətinliklər yarada bilər”.
Politoloq deyib ki, Prezident İlham Əliyev də münaqişə başa çatdıqdan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının mümkünlüyünü ifadə edib:
“Bu mövqe göstərir ki, Azərbaycan prinsip etibarilə regional normallaşmaya qarşı deyil. Əsas məsələ həmin prosesin Azərbaycanın milli maraqlarına və regionda davamlı sülhün təmin olunmasına uyğun şəkildə həyata keçirilməsidir.
Ümumilikdə, Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar fonunda Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq istəyi başadüşüləndir. Bununla belə, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması, konstitusiya məsələsinin həlli və kommunikasiyaların açılması prosesləri bir-biri ilə sıx bağlıdır. Hesab edirəm ki, hazırkı mərhələdə Azərbaycanın mövqeyini nəzərə almaqla yekun sülh müqaviləsi istiqamətində irəliləyişin əldə olunmasını gözləmək daha məqsədəuyğundur”.
Turan Rzayev
Globalinfo.az