prez susa

“Prezident İlham Əliyevin Avropa Şurasını və Avropa Parlamentini “öz dövrünü bitirmiş anaxronizm və atavizm qalığı” adlandırması Azərbaycanın Avropa institutları ilə münasibətlərindəki uzunmüddətli gərginliyin yeni mərhələsini göstərir. Dövlət başçısı bu qurumları təcavüzə məruz qalan Azərbaycanı hədəf seçməkdə, işğalçı tərəfi isə destruktiv addımlara həvəsləndirməkdə günahlandırıb. Bəyanat həm də beynəlxalq təşkilatların fəaliyyətinin yenidən təşkilinə çağırışın tərkib hissəsi kimi oxunmalıdır”.

Bu sözləri Globalinfo.az-a deputat Naqif Həmzəyev deyib.

“Anaxronizm” zamanın tələblərinə uyğun gəlməyən, köhnəlmiş hadisə və ya təsisatı, “atavizm” isə keçmişdən qalan, artıq öz mənasını itirmiş cizgini ifadə edir. Həmin qurumlar Azərbaycana münasibətdə qərəzli və ikili standartlarla hərəkət edirlər. Onların beynəlxalq münasibətlərdəki rolu müasir reallıqlara cavab vermir.

Prezident bu mövqeyi dəfələrlə səsləndirib. Mayın əvvəlində o, Avropa Parlamentinin sülh prosesini dəstəkləmək əvəzinə, onu sarsıtdığını bildirmişdi. Digər çıxışlarında isə Avropa Parlamentini sərt ifadələrlə tənqid edib, Avropa Şurası ilə münasibətlərdə təşkilatdan tamamilə çıxmağın nəzərdən keçirildiyini deyib.

naqif 1 900x634 1

Naqif Həmzəyev

Avropa qurumları Ermənistan-Azərbaycan münaqişəsi dövründə Azərbaycanın haqlı mövqeyini nəzərə almayıb, sonrakı mərhələdə isə sülh prosesinə konstruktiv töhfə verməyiblər. Bu qurumlar üzv dövlətlərdəki ksenofobiya, islamofobiya, miqrasiya və sosial problemlər kimi məsələləri həll etmək əvəzinə, Azərbaycana qarşı kampaniya aparırlar.

“Anaxronizm və atavizm” ifadələri diplomatik dildə sərt səslənsə də, tək bir epizodu deyil, bir neçə ildir davam edən prosesin mahiyyətini ifadə edir. Növbəti addımlar, xüsusilə Avropa Şurasında üzvlüyün taleyi və Aİ ilə parlament əlaqələrinin gələcəyi həm Azərbaycanın Avropa məkanındakı yerini, həm də Bakının enerji və təhlükəsizlik sahələrindəki tərəfdaşlıqlarını müəyyən edəcək. Aİ ilə iqtisadi və enerji əməkdaşlığının davam etdiyi şəraitdə Bakı parlament və qiymətləndirmə qurumları ilə münasibətləri ayrı müstəvidə saxlamağa çalışır”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: