Neft ölkəsi sayılan İraq hökuməti milli valyuta olan dinarın ABŞ dollarına qarşı təxminən 13 faiz devalvasiya edilməsi barədə qərar qəbul edib. İraq Mərkəzi Bankı fiziki şəxslərə ABŞ dollarının satış məzənnəsini təxminən 1 310 dinardan 1 520 dinara qaldırıb. Bəzən hökumətlər devalvasiyanın qarşısını almırlar, sərbəst buraxırlar ki, iqtisadiyyat daha çox zərər görməsin. Azərbaycanda isə devalvasiyanın qarşısı hökumət tərəfindən alınır.
Bizdə də üzən məzənnə mərhəsləsinə keçilə bilərmi? Hansı hallarda bu risklə üzləşə bilərik?
Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, Azərbaycanda 2015-ci ildə devalvasiyanın ağır nəticələri oldu:
“Azərbaycan iqtisadiyyatı o qədər inhisarlaşmış və təmərküzləşmiş vəziyyətdədir ki, milli valyutanın dollardan asılılığı devalvasiyanın iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərməsinə səbəb olur. Bunun əsas səbəblərindən biri də iqtisadiyyatın diversifikasiya edilməməsidir. Ölkəyə valyuta axınının böyük hissəsi, demək olar ki, tamamilə neft sektorundan asılıdır. İxrac etdiyimiz digər məhsullar isə əsasən pomidor, xiyar, meyvə və tərəvəzlə məhdudlaşır”.
Əkrəm Həsənov
İqtisadçı bildirib ki, İraq və digər ölkələr iqtisadiyyatlarını diversifikasiya edərək müxtəlif məhsulların istehsalını, xidmət sahələrini inkişaf etdiriblər:
“Azərbaycanda isə bu istiqamətdə imkanlar məhduddur. İqtisadiyyatımızın neftdən asılılığı devalvasiyanın ağır nəticələrə səbəb olmasının əsas amillərindən biridir. Biz bunu 11 il əvvəl gördük. Buna görə də hökumət və Azərbaycan Mərkəzi Bankı (AMB) devalvasiyaya getməyə maraqlı deyil. Digər tərəfdən, Azərbaycanda istehlak olunan məhsulların böyük hissəsi xaricdən idxal edilir. Devalvasiya nəticəsində dolların bahalaşması xaricdən gətirilən malların qiymətinin kəskin artmasına səbəb olacaq. Bu isə iqtisadiyyat üçün müsbət nəticə verməyəcək. Digər ölkələrdə devalvasiyaya əsasən yerli məhsulları ucuzlaşdırmaq və onların xarici bazarlarda rəqabət qabiliyyətini artırmaq məqsədilə gedilir. Azərbaycanda isə xaricə satmaq üçün kifayət qədər müxtəlif yerli məhsullar olmadığından devalvasiyanın bu baxımdan da faydası məhdud olacaq”.
Ləman İmran
Globalinfo.az