ukrayna rusiya 900x506 1

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Qərb Ukraynaya yalnız Rusiyanın da qəbul edəcəyi təhlükəsizlik zəmanətləri verə bilər.

Rubionun sözlərinə görə, müharibənin bitməsinin açarı nəticə etibarilə Ukraynanın müharibədən sonra özünü təhlükəsiz hiss edəcəyini anlamaq olacaq.

“Şübhəsiz ki, prosesin özünü doğrultması üçün Rusiya da buna razı olmalıdır”, – ABŞ rəsmisi qeyd edib.

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Marko Rubionun Ukraynanın təhlükəsizliyinin təmin olunması ilə bağlı səsləndirdiyi fikirlər, əslində Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması istiqamətində aparılan diplomatik müzakirələrin ən həssas məqamlarından birini üzə çıxarır:

“Rubio açıq şəkildə bəyan edir ki, Qərbin Ukraynaya verəcəyi təhlükəsizlik zəmanətləri Rusiyanın da qəbul edə biləcəyi mexanizmlər əsasında formalaşmalıdır. Bu mövqe müharibədən sonrakı Avropa təhlükəsizlik arxitekturasının hansı prinsiplər üzərində qurulacağı ilə bağlı fundamental sualı gündəmə gətirir.

Burada əsas ziddiyyət ondan ibarətdir ki, Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün etibarlı, uzunmüddətli təhlükəsizlik təminatları tələb edir. Rusiya isə öz növbəsində Ukraynanın gələcək hərbi-siyasi istiqamətinə təsir imkanlarını saxlamağa çalışır. Bu iki yanaşmanın uzlaşdırılması diplomatik prosesin ən çətin mərhələsidir.

Rubionun açıqlamasının diqqətçəkən tərəfi ondan ibarətdir ki, Vaşinqton artıq təhlükəsizlik zəmanətlərini yalnız Ukrayna ilə Qərb arasında razılaşdırılacaq ikitərəfli məsələ kimi deyil, Rusiya ilə də razılaşdırılması vacib olan geosiyasi razılaşmanın tərkib hissəsi kimi təqdim edir. Bu yanaşma diplomatik baxımdan müharibənin dayandırılması üçün müəyyən imkanlar yaratsa da, Ukraynanın gələcək təhlükəsizliyi baxımından ciddi suallar doğurur. Çünki Moskvanın razılığının əsas şərtə çevrilməsi faktiki olaraq Rusiyaya Ukraynanın gələcək təhlükəsizlik seçimləri üzərində təsir imkanı verə bilər.

Digər mühüm məqam NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları məsələsidir. Belə bir mexanizm Ukraynaya mümkün yeni hərbi təcavüz qarşısında Qərbin konkret dəstəyini nəzərdə tuta bilər. Lakin Rubionun açıqlamasından görünür ki, masada olan planda belə bir şey nəzərdə tutulmur”.

yusif bagirzade 900x498 1
Yusif Bağırzadə

Politoloq bildirib ki, Əbu-Dabidə noyabrın 10-11-də keçiriləcək danışıqların əhəmiyyəti də məhz buradan qaynaqlanır:

“ABŞ, Rusiya və Ukrayna arasında müzakirələrlə yanaşı, Avropa İttifaqı (Aİ), NATO, Fransa, Almaniya, Böyük Britaniya və İtaliyanın nümayəndələrinin də dolayısı da olsa, prosesdə iştirakı təhlükəsizlik məsələsinin daha geniş beynəlxalq müstəvidə müzakirə olunduğunu göstərir. Bununla belə, Avropanın gələcək təminatların əsas iştirakçılarından biri olacağı nəzərə alınarsa, onun qərarvermə prosesindən kənarda qalması ciddi problemlər yarada bilər.

Avropa İttifaqının və xüsusilə də rəsmi Kiyevin mövqeyi ondan ibarətdir ki, müharibənin dayandırılması yalnız cəbhə xəttində atəşin kəsilməsi ilə məhdudlaşmamalıdır. Əsas məsələ müharibənin yenidən başlamasını mümkünsüz edəcək etibarlı təhlükəsizlik mexanizminin yaradılmasıdır. Bu mexanizm Ukraynanın suveren qərarvermə hüququnu məhdudlaşdırmamalı, eyni zamanda beynəlxalq öhdəliklərlə real siyasi və hərbi təminatları uzlaşdırmalıdır. Əks halda, Rusiyanın razılığı ilə əldə edilən, lakin Ukraynanın özünü təhlükəsiz hiss etmədiyi hər hansı razılaşma davamlı sülh olmayacaq və ümumiyyətlə bu şəkildə təhlükəsizlik zəmanəti nə Aİ, nə də Ukrayna təəfindən qəbuledilən olacaq.

Düşünürəm ki, bu məsələnin əsas geosiyasi mahiyyəti sülhün şərtlərinin müəyyənləşdirilməsi ilə Ukraynanın gələcək taleyi üzərində qərarvermə hüququ arasındakı tarazlıqdır. Məhz bu tarazlığın necə qorunacağı Əbu-Dabi danışıqlarının nəticələrini müəyyən edən əsas amillərdən biri olacaq”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: