putin2025

“Rusiya Prezidenti Vladimir Putin bu gün axşam saatlarında Moskvaya gəlmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən birinin lideri ilə görüşə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu gün dövlət başçısı Kremlin binasında daxili müşavirələrə və ictimaiyyətə açıqlanmayan işgüzar görüşlərə vaxt ayıracaq.

“Sabah Moskvada KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Bu, çox mühüm tədbirdir. KTMT-yə üzv dövlətlərin başçıları gələcək”, – deyə Peskov xatırladıb.

O, Putinin sammitdə iştirak etmək üçün Moskvaya gələn həmkarlarından biri ilə ikitərəfli görüş keçirə biləcəyini istisna etməyib.

Belə bir görüş baş tutarsa, bu barədə axşam saatlarında məlumat veriləcəyini bildirib.

“Dövlət başçısının bütün digər işgüzar tədbirləri ictimaiyyətə açıq olmayacaq”, – deyə Putinin mətbuat katibi əlavə edib.

Qeyd edək ki, noyabrın 11-nə planlaşdırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında Antiterror Strategiyasının imzalanması nəzərdə tutulur. Həmçinin təşkilata sədrlik səlahiyyətlərinin 2027-ci il yanvarın 1-dən Rusiyadan Tacikistana keçməsi barədə qərar qəbul ediləcək.

Bundan əlavə, iclasda Ermənistanın iki il ərzində üzvlük haqlarını ödəmədiyinə görə təşkilatda səsvermə hüququndan məhrum edilməsi məsələsinə də baxıla bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: