Türkiyədə siyasi və ya hərbi casusluq şübhəsi ilə saxlanılan Yonca Verdioğlu Şık İstanbul Ədliyyəsinə aparılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, o, Türkiyə İşçi Partiyasının (TİP) İstanbul millət vəkili Əhməd Şıkın həyat yoldaşıdır.
Məlumata görə, polis əməkdaşları noyabrın 10-da Yonca Şıkın İstanbulun Beyoğlu rayonundakı evinə gələrək onun barəsində istintaq aparıldığını bildiriblər.
Daha sonra o, saxlanılaraq tibbi müayinədən keçirilib və ifadəsinin alınması üçün Çağlayandakı İstanbul Ədliyyə Sarayına aparılıb.
Hadisə Türkiyə İşçi Partiyasının da etirazına səbəb olub. Partiya yaydığı açıqlamada saxlanılma qərarını tənqid edib və bunun Əhməd Şıkın siyasi fəaliyyəti ilə əlaqəli olduğunu iddia edib.
TİP həmçinin Əhməd Şıkın daha əvvəl təhdidlər aldığını bildirib. Partiyanın bu iddiaları müstəqil şəkildə təsdiqlənməyib.
Yonca Verdioğlu Şık barəsindəki ittihamla bağlı araşdırma davam edir.
Əliyar Xəlil
Globalinfo.az