Ukraynada vəziyyət qarışdı – Rusiyanın bu addımı dünyada yeni gərginlik yaratdı

Rusiya Ukrayna ilə bağlı yeni səs-küylü qərar verib. Moskvanın  “Taxıl sazişi”ndən çıxması haqda bəyanatı dünyada növbəti gərginlik yaradıb.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova yerli telekanala müsahibəsində taxıl sazişi ilə bağlı danışıb. Deyib ki, bu prosesdə bütün tərəflər öz öhdəliklərini yerinə yetirməlidir. O, “Taxıl sazişi”nin icrasından Amerika şirkətlərinin sui-istifadə etdiklərini, fırıldaq yolu ilə ciblərini doldurduqlarını bildirib.

Xatırladaq ki, martın 5-də BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli taxıl müqaviləsinin müddətinin uzadılmasına çağırıb. Onun sözlərinə görə, taxıl müqaviləsinin uzadılması zərurətini dünyada davam edən münaqişələr, koronavirus pandemiyası, iqlim dəyişikliyi, Türkiyə və Suriyadakı zəlzələ diktə edir.

O, həmçinin xəbərdarlıq edib ki, taxıl müqaviləsinin müddətinin uzadılmasa, bu, dünyada sabitliyin pozulmasına, miqrasiya axınına və dünya aclığına gətirib çıxaracaq.

Bütün bunlar o deməkdir ki, Ukraynada yaxın zamanlarda sülh perspektivi görünmür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, “Taxıl sazişi”nin uzanmaması dünyanı növbəti ərzaq böhranı ilə üz-üzə qoya bilər:

“Ümumiyyətlə dənli bitkilər strateji qida kateqoriyasına aiddir. Bu mənada bahalaşma dünya miqyasında hiss olunur. Rusiya-Ukrayna müharibəsi gedişində dünya bir dəfə belə bir böhranla üzləşdi. Lakin əldə edilən razılaşma nəticəsinə problem aradan qalxdı.

Müharibənin ikinci ilində məsələnin yenidən aktuallaşması Rusiyanın keçən il etmək istədiyini bu il də təkrarlamasından xəbər verir. Məsələ ondadır ki, Rusiya taxıl böhranını yaradaraq məqsədyönlü şəkildə dünyanı ərzaq böhranına sövq edib, müharibədə asan qalibiyyət əldə etmək istəyirdi. Kreml düşünür ki, belə bir hal qarşısında onun tələbləri gerçəkləşəcək.

Lakin biz sonda dünya dövlətlərinin bu məsələdə həm Kiyevə, həm də Moskvaya təzyiq etdiyini və nəticədə taxıl sazişinin imzalandığının şahidi olduq. Əgər Rusiya bu il də bənzər ssenarinin tətbiqini istəyirsə, bunun heç bir effekti olmayacaq”.

Politoloqun sözlərinə görə, taxıl sazişi ən azı bir illik uzadılacaq:

“Dediyim kimi, bu məsələ təkcə Rusiya və Ukrayna ilə məhdudlaşmır. Hər iki ölkə dünyanın aparıcı taxıl istehsalçısı ölkələrdir və sazişi uzatmaqdan başqa çarələri yoxdur. Əks təqdirdə hər iki ölkə sanksiyalara məruz qala bilər.

Xüsusilə Rusiya bu məsələdə daha çox uduza bilər. Çünki Kreml əlindəki taxılı dünya bazarına çıxarmasa onun bazardakı yerini digər iri taxıl istehsalçısı ölkələr ələ keçirə bilər”.

Turan Rzayev

Globalinfo.az