Ukraynada türk jurnalistlərin qaldığı hotelə raket düşdü – VİDEO

Ötən gecə Ukraynanın Xarkov şəhəri Rusiya tərəfindən raket hücumuna məruz qalıb.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, Ukrayna-Rusiya müharibəsini işıqlandıran Türkiyənin “Anadolu” xəbər agentliyinin əməkdaşlarının qaldığı “Park Hotel”ə də iki raket düşüb.

Partlayış nəticəsində hotelin yuxarı mərtəbələri xarabalığa çevrilib, bina alovlanıb. Jurnalistlər hoteli kiçik xəsarətlərlə tərk edə biliblər. Əməkdaşların ikisi də yoxlamalar üçün xəstəxanaya göndərilib.

Həmçinin komandanın istifadə etdiyi avtomobil də hotelin yaxınlığındakı bir çox digər maşın kimi, zədələnərək yararsız hala düşüb.

Ukraynanın Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov sosial media hesabından verdiyi açıqlamada hücumun S-300 raketləri ilə həyata keçirildiyini bildirib.

30-dan çox mülki şəxsin olduğu hotelin vurulduğuna diqqət çəkən Sinequbov qeyd edib ki, hadisə zamanı 11 nəfər yaralanıb.