Rusiya partlayis 111

Rusiyanın “ürəyi” sayılan Moskvanın, həmçinin “beyni” Sankt-Peterburqun son günlər Ukrayna tərəfindən ardıcıl olaraq hədəfə alınması Kremli çətin vəziyyətə salıb. Bildirilir ki, savaşın Rusiyanın içərilərin daşınması ölkədə şok effekti, ümidsizlik yaradıb. Hazırkı məqamda Kremlin hansı addımı atacağı isə sual doğurur.

Globalinfo.az-a danışan analitik Elnur Ənvəroğlunun fikrincə, Moskva hərbi təzyiqi davam etdirərkən diplomatik kanalları da açıq saxlayacaq:

“Kreml mümkün atəşkəs və ya “müvəqqəti dondurulma”nı yalnız öz strateji şərtləri daxilində nəzərdən keçirə bilər. Ukraynanın Moskva və Sankt-Peterburq kimi Rusiyanın siyasi, iqtisadi və simvolik mərkəzlərinə zərbələr endirmək qabiliyyətinin artması Kremlin üzərində ciddi təzyiq yaradır. Bu, müharibənin Rusiyanın dərinliyinə keçməsi deməkdir, amma vəziyyəti Moskvanın dalana dirənməsi kimi təqdim etmək olmaz.

Rusiya hələ də müharibəni davam etdirmək üçün kifayət qədər hərbi və iqtisadi resurslara malikdir. Hətta canlı qüvvəsini artırmaq üçün həm miqrantlara, həm də Şimali Koreyaya üz tutur. Buna görə də Ukraynanın Rusiya şəhərlərinə zərbələri Moskvanı avtomatik olaraq geri çəkilməyə məcbur etməyəcək. Əksinə, Kreml bunu yeni eskalasiya üçün əsas kimi də istifadə edə bilər”.

Analitik qeyd edib ki, burada iki paralel proses gedir:

Ukrayna Rusiyanın müharibəni öz ərazisində hiss etməsinə çalışır, Rusiya isə Ukraynanın hərbi və enerji infrastrukturuna təzyiq göstərərək Kiyevin müqavimət qabiliyyətini zəiflətməyə cəhd edir. Bu qarşılıqlı eskalasiya müharibənin daha uzun müddət davam etməsi riskini artırır.

elnur enveroglu

Elnur Ənvəroğlu

Rusiya ərazisinə zərbələrin intensivləşməsi Moskvanın cavab tədbirlərini daha da sərtləşdirməsi ilə nəticələnə bilər. Fikrimcə, Rusiya eskalasiyada Ukrayna ilə limitlənəcək. Çünki Moskva sərhədləri aşdığı təqdirdə NATO ilə üzləşmək riskini də nəzərə alır. Bu isə hazırda Rusiyanın maraqlarına ziddir”.

E.Ənvəroğlu deyib ki, “müharibənin dondurulması” ətrafında da müzakirələr gedir:

Rusiya bu təklifi müəyyən şərtləri nəzərə almaqla qəbul edə bilər. Çünki Rusiya üçün sadəcə cəbhədə atəşkəs yetərli deyil: o, təhlükəsizlik zəmanətləri (eyniylə qarşı tərəfə də aiddir), Ukraynanın gələcək hərbi statusu, ərazi məsələləri (yəni işğal etdiyi ərazilərdən vaz keçməyəcək) və Qərbin sanksiyaları (Qərb də həmin şərtlər xaricində sanksiyaları qaldırmayacaq) kimi məsələlərdə öz maraqlarının nəzərə alınmasını istəyəcək. Buna görə məncə, Rusiya “münaqişənin dondurulmasına” prinsip etibarilə razı ola bilər, amma bunu indiki şərtlərlə qəbul etməsi çətin görünür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: