Ukrayna müharibəsini o ölkə dayandıra bilər – ABŞ-ın versiyası

“Avropa İttifaqı Ukrayna müharibəsinə görə Moskva ilə dialoq aparmaz ikən Brüssel Pekinlə danışıqları davam etdirir. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Jozep Borrel Çinə 3 günlük səfəri zamanı münasibətlərdəki suallara aydınlıq gətirməyə çalışıb. Buna qədər Borrelin Çinə səfəri iki dəfə təxirə salınıb. Birinci dəfə bu, koronavirusun yayılması ilə bağlı olub. İkinci dəfə isə Çinin keçmiş xarici işlər naziri Si Qanın qəfil vəzifəsindən uzaqlaşdırılması ilə əlaqəli idi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Borrel Pekində Ukrayna və Yaxın Şərq mövzularını müzakirə edib:

“Borrel Çin xarici işlər naziri Van İ ilə görüşdükdən sonra 12-ci Çin-Avropa Strateji Dialoq tədbirində iştirak edib. Borrel “South China Morning Post” nəşrinə verdiyi müsahibədə Pekinin Avropa siyasətini dəyişməsini istəyib. Məsələ burasındadır ki, Pekin Moskva kimi Avropanı ABŞ siyasətindən asılı olduğu qənaətindədir, yəni “Vaşinqton nə deyirsə Brüssel onu edir”.

Borrel isə Pekini inandırmağa çalışıb ki, Avropa qərarlarında müstəqildir və Çin hakimiyyəti siyasətində bunu nəzərə almalıdır. Doğrudur, ABŞ-la Avropanın siyasəti Ukrayna müharibəsinin nümuməsində olduğu kimi üst-üstə düşür. Ancaq Borrel Pekini yenə inandırmağa çalışıb ki, Brüsselin Pekinə yönəlik siyasəti ABŞ-ın təzyiqi altında deyil. Maraqlıdır ki, Borrel Pekini həm tərəfdaş, həm də rəqib adlandırıb. Avropa İttifaqı rəsmisi onu da vurğulayıb ki, rəqiblərin düşmən olması vacib deyil”.

Politoloqun sözlərinə görə, Borrel Pekini inandırmağa çalışıb ki, Brüsselin Çinə münasibəti Vaşinqtonun münasibətindən daha yaxşı və mülayimdir:

“Bunu Avropa İttifaqının digər rəsmiləri də açıqlamalarında qeyd ediblər. “Global Times” dərgisində yayımlanan məqalədə Brüsselin Pekin siyasətinin riskləri ola biləcəyi yazılıb. Dərgi hesab edir ki, Çin sağlam rəqabətin qarşısını alıb. Buna baxmayaraq, Avropa dövlətlərinin bir qismi Çinlə iqtisadi əlaqələrdən imtina etməyiblər. Siyasi münasibətlərdə isə inamsızlıq var. Misal üçün Brüssel Pekinin Ukrayna müharibəsi məsələsində Moskvaya təsir etməsini istəyir. Pekin Moskvaya təsir etmir. Pekin Moskvanın taxıl sazişinə qayıtması üçün də heç nə etməyib. Pekin Rusiya-Ukrayna müharibəsinin bitməsini istəsə də, müharibənin bitməsi və işğala son qoyulması üçün Kremlə təsir etməyib. Halbuki Vaşinqtonda və Brüsseldə hesab edirlər ki, Pekin “müharibəni dayandırmaq lazımdır” desə, Kreml dost ölkə adlandırdığı Çinin çağırışını eşidər”.

Turan Rzayev
Globalinfo.az