Azərbaycan güləşçiləri Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Globalinfo.az prosport.az-a istinadən xəbər verir ki, 25 noyabr – 1 dekabr tarixlərində qonşu ölkədə deflimpiyaçılar arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.
Azərbaycan Milli Deflimpiya Komitəsi Avropa Karlar İdman Təşkilatının (EDSO) üzvü olduğundan, idmançılarımız bu yarışda iştirak edə biləcəklər. Böyüklər, gənclər və yeniyetmələr arasında baş tutacaq yarış eşitmə qüsurlu güləşçilər arasında keçiriləcək.
Avropa çempionatı böyüklər arasında 8-ci, yeniyetmə və gənclər arasında 5-ci, qadınlar arasında isə ilk qitə birinciliyi olacaq. Yarışın məkanı kimi fərqli mənbələrdə Ermənistanın paytaxtı İrəvan, 3-cü böyük şəhəri Vanadzor (Böyük Qarakilsə) və ya kurort dağ şəhərciyi Tsaxkadzor (Dərəçiçək) göstərilib.
Daha öncə 27 iyul – 2 avqust tarixlərində 17 yaşadək güləşçilərin (U-17) Bakıda keçirilən dünya çempionatında Ermənistanın 16 idmançısı (6 sərbəst, 10 yunan-Roma güləşçisi) iştirak etmişdi. Bakı xalçasında yunan-Roma güləşçilərindən Canes Nəzəryan (71 kq) qızıl, Ararat Avetisyan (48 kq) və Qevorq Harutyunyan (51 kq) bürünc medal qazanmışdı.
Qeyd edək ki, Milli Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri səhiyyə naziri Anar Bayramovdur. Komitənin prezidenti funksiyasını isə Əli Qurbanlı icra edir.
Xatırladaq ki, EDSO 11-12 noyabr tarixlərində Bakıda cüdo üzrə Avropa çempionatı da təşkil edib. Burada Avropanın 12 ölkəsindən 77 cüdoçu tatami üzərinə çıxıb.
Azərbaycanın karate üzrə yeniyetmə, gənclər və U-21-lərdən ibarət komandasının 5-7 fevralda İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı da gözlənilir.