fermer vergisi

“Aqrar sektorda vergi güzəştlərinin yeni mexanizm əsasında davam etdirilməsi zamanı isə xüsusilə kiçik fermer təsərrüfatlarının maraqları, onların yeni tələblərə uyğunlaşması və inzibati prosedurların sadəliyi diqqətdə saxlanılmalıdır. Çünki kənd təsərrüfatının inkişafı həm ərzaq təhlükəsizliyimizin, həm də regionların sosial-iqtisadi inkişafının mühüm şərtlərindən biridir”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputatın sözlərinə görə, sadələşdirilmiş vergi ödəyiciləri üçün 400 min manatlıq nağdsız dövriyyə həddi müəyyən edilib:

“Hesab edirəm ki, bu həddin hesablanması zamanı yalnız nağdsız əməliyyatların deyil, vergi ödəyicisinin həyata keçirdiyi bütün əməliyyatların – həm nağd, həm də nağdsız dövriyyənin nəzərə alınması məsələsinə baxılması məqsədəuyğun olardı.

Bu yanaşma real iqtisadi dövriyyənin düzgün müəyyən edilməsinə, vergi ödəyiciləri arasında bərabər rəqabət şəraitinin təmin olunmasına, kartdan-karta köçürmələr vasitəsilə sahibkarlıq fəaliyyətinin dövlətdən gizlədilməsi hallarının qarşısının alınmasına və ümumilikdə şəffaflığın artırılmasına xidmət edə bilər. Eyni zamanda, sahibkarların vergi öhdəliklərini vaxtında yerinə yetirdikləri təqdirdə dövlət tərəfindən qanuni və şəffaf fəaliyyətlərinin qorunacağına inamını artıra bilər.

azer badamov esasdir
Azər Badamov

Təbii ki, bu mexanizm hazırlanarkən kiçik sahibkarlıq subyektlərinin xüsusiyyətləri və nağdsız ödənişlərin təşviqi məqsədləri də nəzərə alınmalıdır. Təklif edirəm ki, müvafiq qurumlar bu məsələyə baxsınlar və ikinci oxunuşa qədər onun qanunvericilik baxımından qiymətləndirilməsi imkanlarını nəzərdən keçirsinlər.

Ümumilikdə hesab edirəm ki, həyata keçirilən vergi islahatlarının əsas fəlsəfəsi dövlətin fiskal maraqları ilə sahibkarlığın inkişafı arasında optimal balansın yaradılmasıdır. Dövlətin iqtisadi siyasətinin uğurlu nəticəsi güclü özəl sektor, investisiya imkanlarının genişlənməsi, yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın artması ilə ölçülür”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: