neft 11

Azərbaycan Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda maliyyə cəhətdən ən dayanıqlı suveren borcalan statusunu qoruyur, lakin ölkə iqtisadiyyatının potensial artım templəri ortamüddətli perspektivdə ildə 2-3 % səviyyəsi ilə məhdudlaşır.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Azərbaycanın suveren balansının dayanıqlığı böyük və artmaqda davam edən fiskal və valyuta ehtiyatları (ÜDM-in 115 %-nə bərabər), dövlət borcunun aşağı səviyyəsi və möhkəm xarici balansla dəstəklənir.

ING analitiklərinin qiymətləndirmələrinə görə, karbohidrogenlərin yüksək qiymətləri ölkənin qısamüddətli büdcə və xarici iqtisadi perspektivlərini gücləndirib, eyni zamanda qeyri-neft sektorunda işgüzar fəallığı dəstəkləyib.

Bununla yanaşı, ekspertlər güclü maliyyə buferləri ilə baza iqtisadi artım templəri arasında təzadın olduğunu qeyd edirlər. Neft hasilatının azalması, iqtisadiyyatın zəif şaxələndirilməsi və özəl investisiyaların aşağı səviyyəsi ÜDM-in artım potensialını təqribən 2-3 % səviyyəsində məhdudlaşdırmaqda davam edir.

İcmala əsasən, Azərbaycanda ÜDM-in artımı ardıcıl olaraq ikinci ildir (2025-2026-cı illərdə) ki, ilin əvvəlində neft-qaz sektorunun zəif göstəriciləri səbəbindən orta göstəricilərdən aşağıdır. Bununla yanaşı, enerji daşıyıcılarının yüksək qiymətlərindən qaynaqlanan maliyyə axınları qeyri-neft sektorunu dəstəkləyir: 2026-cı il ərzində kreditləşmənin aktivləşməsi fonunda pərakəndə ticarət və qeyri-neft sənayesinin artım templəri sürətlənib.

ING ortamüddətli perspektivdə artım templərinin bərpa olunacağını gözləyir, lakin diversifikasiya sürətləndirilmədən artım tavanı 2-3 % səviyyəsində qalacaq. Əhalinin istehlak xərcləri getdikcə daha çox pərakəndə kreditləşməyə əsaslanır, çünki real gəlirlərin artımı istehlakı ödəmək üçün kifayət etmir.

Ölkənin büdcə siyasəti neft bazarındakı əlverişli qiymət konyunkturasından dəstək alır. Yanacaq ixracının fiziki həcminin azalması daha yüksək qiymətlərlə kompensasiya olunur, bunun nəticəsində qeyri-neft büdcəsinin təqribən ÜDM-in 10 %-i həcmində stabil kəsiri fonunda icmal büdcə ÜDM-in təxminən 2 %-i səviyyəsində qənaətbəxş profisitini qoruyub saxlayır. Büdcənin xərc hissəsinə yüksək investisiya xərcləri, həmçinin sosial və müdafiə xərclərinin artması təzyiq göstərməkdə davam edir (qonşu İrandakı hərbi münaqişə müdafiə və təhlükəsizlik xərclərinin artması üçün əlavə risklər yaradır).

ING-nin hesablamalarına görə, neftin bir bareli üçün hər 1 dollar Azərbaycan büdcəsinə illik ifadədə 150-200 milyon dollar gəlir gətirir.

Paylaş: