“Ukraynanın Rusiya ordusu qarşısında ən böyük zəifliyi aviasiya və atəş gücünün yaxşı olmamasıdır. Yəni Kiyev bu iki istiqamətdə uduzur”.
Bu sözləri Globalinfo.az-a politoloq Turab Rzayev deyib.
O bildirib ki, keçən il Ukraynanın başladığı əks-hücum əməliyyatı elə bu iki istiqamətin normal olmaması səbəbindən uğursuz oldu:
“Rəsmi Kiyevə modul hava hücumundan müdafiə sistemləri gətirilsə də, Rusiyanın hücumlarının qarşısı alınmadı. Yəni Moskva bombardmana davam edirdi”.
Politoloq qeyd edib ki, Ukraynaya “F-16”-ların verilməsinə həmin hadisədən sonra ciddi diqqət yetirildi:
“Danimarka və bir sıra ölkələr bu istiqamətdə dəstək verəcəklərini bildirdilər. Əgər aviasiyalar Kiyevə verilərsə, ordu həmin texnikalardan istifadə edə bilərsə, Rusiya üçün problem yarana bilər. Digər tərəfdən Rusiya Xarkova güclü hücumlar təşkil edir. Hazırkı vəziyyətdə aviasiyanın gücləndirilməsi əhəmiyyətlidir.
Ümumiyyətlə, Rusiya Xarkovda ciddi uğur əldə edərsə, Ukrayna hərbi və mənəvi cəhətdən sınmış olacaq. Əksi olarsa, Kiyev aldığı yardımlarla Rusiyaya qarşı daha əhəmiyyətli mübarizə aparmaq imkanı qazanacaq”.
Safura Bənnayeva
Globalinfo.az