Xəbər verdiyimiz kimi, rus qoşunları Kursk (Rusiya) və Sumı (Ukrayna) vilayətlərində iki yaşayış məntəqəsini ələ keçirib. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələri müvafiq olaraq Lebedevka və Novenkoye kəndi üzərində nəzarəti bərqərar etməyə nail olub.
Rusiyanın əks hücumu uğurlu alınacaqmı? Ukraynanı nə gözləyir?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, ABŞ-ın Ukraynaya olan dəstəyi dayandırması və xüsusilə də kəşfiyyat məlumatlarının ötürlməsindən imtina ilə bağlı qərarların qəbulu təbii olaraq Rusiyaya əlavə üstünlüklər qazandırıb:
“Rusiya indi bu fürsətdən istifadə edərək xüsusilə də Kursk istiqamətində öz mövqelərini bərpa etməyə çalışır. Biz son bir neçə gündə istər Kursk, istərsə də Ukrayna ərazisində Rusiyanın kütləvi hava hücumlarına şahidlik edirik. Məqsəd gözlənilən danışıqlar masasına daha güclü şəkildə oturmaqla bağlıdır.
Məlumdur ki, Rusiya və Ukrayna arasında gözlənilən atəşkəs razılşamasında Ukraynanın Kurskdan çıxması müqabilində Rusiyanın da buna uyğun olaraq bəzi Ukrayna ərazilərindən çıxması ilə bağlı detallar var. Odur ki, Rusiya həm Kursk istiqamətində Ukrayna qüvvələrini sıxışdırmaqla, həm də Ukrayna daxilində yeni əraziləri işğal etməklə daha çox ərazini öz nəzarətində saxlamaq istəyir.
Rəşad Bayramov
Təbii ki, Ukrayna üçün indiki şəraitdə döyüşmək, yəni bir tərəfdən ABŞ-ın siyasi təzyiqi, digər tərəfdən isə müvafiq dəstəyin olmaması fonunda yetərli cavab tədbirləri görmək çox çətindir. Amma buna baxmayaraq ən azından indiki mövqelərin qorunub saxlanılmasını yaxşı başa düşdükləri üçün bütün imkanları ilə mübarizəni davam etdirilər.
Elə dünən, Ukraynanın Hava Hücum Qoşunları tərəfindən Rusiya xüsusi təyinatlılarının Kursk vilayətinin Sudja şəhəri istiqamətndə irəliləyən desant birliyinə qarşı əməliyyatı və Rusiya tərəfinin böyük itkilər verməsi də bunun sübutudur. Ukrayna indi maksimum şəkildə şimal cəbhədə Rusiya ordusunun irəliləyişini dayandırmaq üçün hər şeyi edir.
Ukraynanın bu şəkildə müqaviməti nə qədər davam etdirə biləcəyini proqnozlaşdırmaq çətindir. Çünki vacib olan kəşfiyyat dəstəyi yoxdur. İkinci bir tərəfdən isə Ukraynaya peyk vasitəsilə kəşfiyyat dəstəyi verməyi planlaşdıran Fransa və Böyük Britaniya da ABŞ-ın təzyiqləri ilə üzləşib. Elon Mask isə ümumiyyətlə, Ukrayna ordusunun əsas rabitə imkanını təmin edən “Starlink” sisteminin söndürülə biləcəyi ilə bağlı açıqlama verib. Bu isə Ukrayna ordusu üçün olduqca ağır nəticələrə səbəb ola bilər. Başqa sözlə desək Ukraynanın indiki şərtlər daxilində uzun müddət müqavimət göstərməsi imkanları olduqca azdır”.
Safura Bənnayeva
Globalinfo.az