“Hazırda Yaxın Şərqdə və Ukraynada davam edən müharibəyə Tayvan ətrafında gərginləşən vəziyyət də əlavə olunub”.
Bunu Globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Çinin Tayvan sahillərinin yaxınlığına aviadaşıyıcı göndərməsi Pekinin əsas hədəfinə çatmaq fikrində olduğunu göstərir:
“Çin ordusunun Tayvan ətrafında “Birgə qılınc – 2024B” təlimlərinə başlaması adanın mühasirəsi kimi qiymətləndirilib. “Reuters”in məlumatına görə, hərbi təlimlərin bitmə tarixi göstərilməyib. Pekun bununla Tayvana olan iddiasından geri çəkilməyəcəyinə və adanı Çinə birləşdirmək üçün hərbi yoldan imtina etməyəcəyinə işarə vurub. Adanın dəniz qüvvələri döyüş hazırlığı vəziyyətinə keçib.
Digər tərəfdən ABŞ Dövlət katibi Antoni Blinken Laosda keçirilən sammitdə Cənub-Şərqi Asiya liderlərinə deyib ki, Vaşinqton Pekinin Cənubi Çin dənizində getdikcə təhlükəli və qeyri-qanuni fəaliyyətindən narahatdır. Blinken ABŞ-ın həyati əhəmiyyət kəsb edən dənizdə naviqasiya azadlığını dəstəkləyəcəyinə söz verib. Sammit Çinin ASEAN üzvləri olan Filippin və Vyetnamla dənizlərdə bir sıra şiddətli qarşıdurmalarının ardınca keçirilib”.
Politoloq Pekinin ASEAN üzvləri olan Vyetnam, Filippin, Malayziya və Bruneylə dənizlərdə üst-üstə düşməyə maraqları olduğunu bildirib:
“ABŞ rəsmisi iclasda deyib ki, qlobal ticarətin təxminən üçdə bir hissəsi bu bölgədən keçir. Ona görə də, ərazinin sularında gərginliyin artması böyük dövlətləri narahat edir. Blinken Vaşinqtonun Pekinin Cənubi Çin dənizində – ASEAN ölkələrinin gəmilərinə təhlükə yaradan fəaliyyətindən narahatlığını dilə gətirib. Birləşmiş Ştatların Hind-Sakit Okean hövzəsində naviqasiya və havada uçuş azadlığını dəstəkləməyə davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-ın Cənubi Çin dənizində heç bir iddiası yoxdur. Ancaq Pekinin iddialarına etiraz olaraq sularda patrul xidməti aparmaq üçün donanma gəmiləri və döyüş təyyarələri yerləşdirib”.
E.Şahinoğlu qeyd edib ki, Çin və Filippin gəmiləri bu il dəfələrlə üz-üzə gəliblər:
“Ötən həftə Vyetnam Çin dəniz qüvvələrinin mübahisəli sularda balıqçılara hücum etdiyini açıqlayıb. Pekin həmçinin İndoneziya və Malayziyanın eksklüziv iqtisadi zonalar kimi iddia etdiyi ərazilərə patrul gəmiləri göndərib. ABŞ-ın Filippinlə təhlükəsizlik anlaşması var, buna görə də, Vaşinqton o ölkəni Çinin təhdidlərindən qorumaq məcburiyyətindədir. Filippin Prezidenti kiçik Ferdinand Markos Laosdakı zirvə toplantısındakı çıxışında Pekinin regional siyasətindən şikayət edib. O, Çinin beynəlxalq hüququ pozduğunu desə də, rəsmi Pekin səslənən iddiaları həmişəki kimi rədd edib.
Çinin Baş naziri Li Çian isə sözügedən dənizi “ortaq ev” adlandırıb. Baş nazir həmçinin Asiyaya blok qarşıdurması və geosiyasi münaqişələr gətirmək istəyən xarici qüvvələrin müdaxilə etdiyini deyib. Li Çian xarici qüvvələrin adını çəkməsə də, söhbətin ABŞ-dan getdiyi aydındır. Vaşinqton geri çəkilmək istəmir. Antoni Blinken Çinə başqa bir mesajında Birləşmiş Ştatların Tayvan boğazı boyunca sabitliyi qorumaq üçün ortaq öhdəliyi olduğunu bildirib. Böyük ehtimal, Pentaqon Çin dəniz qüvvələrinin Tayvan adası ətrafındakı təlimlərinə hansısa formada cavab verəcək”.
Turan Rzayev
Globalinfo.az