Rumıniya son üç gün ərzində hava məkanını pozan üç Rusiya PUA-sını məhv etmək üçün təxminən 1,5 milyon avro vəsait xərcləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, xərclərin əsas hissəsi Rumıniya Hərbi Hava Qüvvələrinin F-16 qırıcılarından buraxılan “AIM-9X” idarəolunan raketlərinin istifadəsi ilə bağlı olub.
Rəsmi şəxslər hazırkı cavab mexanizminin kifayət qədər baha başa gəldiyini bildiriblər. Daha sərfəli pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərinin isə yalnız 2027-ci ildə Rumıniya Silahlı Qüvvələrinin arsenalına daxil olacağı gözlənilir.
Rumıniyanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Radu Miruçe sosial şəbəkədə bildirib ki, F-16 qırıcısı ölkə hava məkanına daxil olan növbəti dronu cəmi 5 dəqiqə ərzində zərərsizləşdirib.
Rumıniya Müdafiə Nazirliyinin məlumatına əsasən, şənbə günü daha bir PUA ölkənin şərqində, Sfıntu-George kəndindən təxminən 10 kilometr qərbdə F-16 qırıcısı tərəfindən vurulub. Hədəfin aşkarlanması və ələ keçirilməsi üçün iki qırıcı təyyarə havaya qaldırılıb. Nazirlik dronun sərhəd yaxınlığında, yaşayış olmayan ərazidə təhlükəsiz şəkildə məhv edildiyini açıqlayıb.
Bundan əvvəl isə cümə günü daha bir pilotsuz aparat Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 tərəfindən vurulub. Rumıniya Baş Prokurorluğunun məlumatına görə, məhv edilən aparat Ukraynaya qarşı müharibədə Rusiya ordusunun istifadə etdiyi “Şahed” tipli kamikadze dronu olub.
Əliyar Xəlil