Türkiyənin idarəetmə modeli Azərbaycana gətirilir? – YENİLİK

Bu ilin dekabr ayında Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi planlaşdırılır. Ölkəmizdə bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Növbəti seçki isə Azərbaycanın öz ərazi bütövlüyünü tam təmin etməsindən sonra baş tutacaq ilk bələdiyyə seçkisi olacaq.

Bəs bu seçkilərdən sonra hansı yeniliyin şahidi olacağıq? Ümumiyyətlə, ölkədə bələdiyyə institutuna ehtiyac varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, bu özünüidarəetmə orqanı ilə bağlı ölkəmizdə birmənalı mövqe yoxdur:

“Bir çoxları bələdiyyələrin fəaliyyətini tənqid edir, səlahiyyətinin az olduğunu, vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiklərini qeyd edirlər. Cəmiyyətdə bələdiyyələrin fəaliyyəti ilə bağlı yekdil mövqe yoxdur. Bəzən də qurumun fəaliyyətinin aşağı səviyyədə olmasına baxmayaraq onu gücləndirməyin mümkün olduğunu düşünürlər”.

Deputatın sözlərinə görə, bu istiqamətdə Türkiyə modelinə uyğunlaşmaq müzakirə edilir:

“Türkiyədə idarəetmədə vali institutu var. İcra hakimiyyəti funksiyasını həyata keçirir. Ölkənin bütün ərazilərində sosial, infrastruktur məsələlərin həllində, vətəndaşların yanında olan qurum məhz bələdiyyələrdir. Onların çox geniş səlahiyyəti var. Türkiyə modelinin tətbiqi, böyükşəhər bələdiyyələrinin təşkili ilə əlaqədar da tez-tez müzakirələr aparılır”.

Deputatın fikrincə, bələdiyyə seçkilərində yeniliklərin şahidi olacağıq:

“Türkiyə NATO ölkəsidir, dünyanın güclü iqtisadiyyatları arasında yer alır. Bu baxımdan Türkiyə modeli qısa müddətdə Azərbaycanda tətbiq edilə bilməz. Bələdiyyə institutunun inkişaf etdirilməsi, müasir tələblərə cavab verməsi əsas hədəf kimi müəyyən edilib”.

Safura Bənnayeva
Globalinfo.az